İQTİSADİYYAT
Nikolay Azarov: Ukrayna öz ölkəsinə enerji daşıyıcılarının nəqli üzrə Azərbaycanla danışıqlar aparır
Kiyev, 8 iyun (AZƏRTAC). Ukraynanın kütləvi informasiya vasitələri xəbər verirlər ki, Ukrayna öz ölkəsinə neft və qazın nəqlinin şaxələndirilməsi üçün fəal səylər göstərir.
Ukraynanın Baş naziri Nikolay Azarov iyunun 8-də Avstriyanın paytaxtı Vyanada keçirilən “İnnovasiyalar: innovasiya məkanının genişləndirilməsi” iqtisadi forumunun iclasında demişdir: “Enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi problemi bizim üçün olduqca vacibdir. Bu gün biz Rusiyanın enerji daşıyıcılarından 100 faiz asılıyıq... Biz belə bir halla üzləşirik ki, fikrimcə enerji daşıyıcıları üçün müəyyənləşdirilmiş qiymətlər bizim üçün optimal deyildir. Buna görə də hazırda digər ölkələrdən enerji daşıyıcılarının nəqli üçün ciddi səylər göstəririk”.
Nikolay Azarovun sözlərinə görə, Ukrayna bu il “LNG-terminal” layihəsinə başlayır, habelə Azərbaycanla və orta Asiya ölkələri ilə danışıqlar aparır. Ukraynanın Baş naziri qeyd edir ki, “bu təbiidir və heç kimə zərər yetirməyəcəkdir”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev