ELM VƏ TƏHSİL
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi seminarın növbəti məşğələsi keçirilmişdir
Bakı, 7 mart (AZƏRTAC). Martın 6-da AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi seminarın növbəti toplantısı keçirilmişdir.
AMEA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, məşğələdə “Bakı milyonçusu Ağa Musa Nağıyev” mövzusunda müzakirələr aparılmışdır. Muzeyin əməkdaşları əvvəlcə Ağa Musa Nağıyev adına “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin sədri, milyonçunun nəvəsi Dilarə Nağıyeva-Muxtarovanın məruzəsini dinləmiş, məşhur Bakı milyonçusu və mesenat haqqında dəyərli məlumatlar əldə etmişlər. Ağa Musa Nağıyevin Bakıya yaraşıq verən bir çox inzibati binaların, o cümlədən məşhur “İsmailiyyə” memarlıq abidəsinin yaranmasında xidmətləri və həmin tikililərlə bağlı maraqlı təfərrüatlar seminar iştirakçılarının diqqətinə çatdırılmışdır.
Məruzəni milyonçunun həyat və fəaliyyətini əks etdirən fotoşəkillər və videoçarx müşayiət etmişdir.
Seminarda, həmçinin Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova, “Zirvə” ziyalılar təşkilatının prezidenti, rəssam və yazar Minayə Dəyanət Dilarə Nağıyeva-Muxtarovanın babasının şəxsiyyəti, zəhmət və mübarizələri, xeyriyyəçilik işlərinin təbliği yolunda yorulmaz çalışmalarını xüsusi qeyd etmişlər.
Mövzu ətrafında muzeyin əməkdaşları - filologiya elmləri doktoru Xatirə Bəşirli, tarix elmləri doktoru, professor Abbas Seyidov, elmi işçilər Tutu Məmmədova, Töyrəxanım Hüseynova və başqalarının da sual və çıxışları səslənmişdir.
Tədbirin sonunda muzeyin direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynovun yeni çapdan çıxmış kitabları milyonçunun nəvəsinə hədiyyə edilmişdir.