İQTİSADİYYAT
Norveç Krallığının neft və energetika naziri müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Energetika Nazirliyində olmuşdur
Bakı, 3 iyun (AZƏRTAC). İyunun 3-də Azərbaycan Respublikasının Energetika Nazirliyində Norveç Krallığının neft və energetika nazirinin müavini Kare Fostervoldun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev Azərbaycanın neft gəlirlərindən səmərəli istifadəsi barədə qonağa ətraflı məlumat vermiş və gələcək layihələr barədə danışmışdır. Nazir vurğulamışdır ki, Azərbaycan enerji nəqli infrastrukturuna sərmayə qoymuşdur ki, əsas məqsədlərdən biri təchizat marşrutlarının şaxələndirilməsidir.
Norveç Krallığının neft və energetika nazirinin müavini Kare Fostervold bildirmişdir ki, Norveç Azərbaycan ilə enerji sahəsində əməkdaşlığın dərinləşməsində maraqlıdır.
Görüşdə Azərbaycan ilə Norveç Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində inkişafından məmnunluq ifadə olunmuş, əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilmişdir.
Həmçinin, neft-qaz yataqlarının işlənməsi üzrə dünyada qabaqcıl şirkətlərdən biri olan “Statoil”un Azərbaycanla əməkdaşlığının müsbət nəticələr verdiyi bildirilmişdir. Qeyd edilmişdir ki, Norveçin “Statoil” şirkəti 21 ildir, Azərbaycanda uğurla fəaliyyət göstərir.
Sonda hər iki ölkənin enerji sahəsində yeritdiyi siyasət, əməkdaşlıq imkanları, habelə “Statoil” şirkətinin Azərbaycandakı fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılmışdır.