İQTİSADİYYAT
Növbəti Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti dövlət qeydiyyatına alınıb
Bakı, 15 iyul, AZƏRTAC
Bakı şəhərinin Binəqədi, Yasamal, Nəsimi və Səbail rayonlarında müxtəlif ünvanlarda mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri yaradılaraq dövlət qeydiyyatından keçib.
İqtisadiyyat və Sənaye Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bununla yanaşı, Bakı şəhərinin Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Q.Məmmədov küçəsi, 3C ünvanında yerləşən 16 mərtəbəli, 128 mənzilli binada rayon üzrə ilk MMMC yaradılıb, "Xətai-1" MMMC adı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Bununla da, respublikada dövlət qeydiyyatına alınan MMMC-lərin sayı 9-a çatıb.
Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Mənzil Məcəlləsinin və mənzil-kommunal sahəsində formalaşmaqda olan yeni münasibətlərə dair maarifləndirmə işlərinin aparılması, çoxmənzilli binaların yeni idarəetmə üsullarının tətbiqinin sürətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Belə ki, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə tədbirlər təşkil olunur, bu sahədə mövcud qanunvericilik, bazar iqtisadiyyatı şəraitində yaşayış sahələrinin idarə edilməsi, saxlanması prinsipləri və üsulları barədə məlumat verilir, sahə mülkiyyətçiləri ilə görüşlər keçirilir, onlara ümumi yığıncaqların keçirilməsində və digər təşkilati məsələlərin həllində müvafiq tövsiyələr verilir. Eyni zamanda, sahəyə dair qanunvericilik aktlarını, məlumatları və digər sənədləri özündə əks etdirən kitabçalar və broşurlar paylanılır.