ELM VƏ TƏHSİL
NÜVƏ ELMLƏRİ ÜZRƏ PROBLEM ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR
Bakı, 22 aprel (AZƏRTAC). Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Nüvə Tədqiqatları (NT) üzrə Problem Şurasının (PŞ) iclası keçirilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) bildirmişlər ki, akademiyanın Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, NT PŞ-nin sədri Adil Qəribov şura üzvlərini gündəlikdə qoyulan məsələlərlə tanış etmişdir. Bildirmişdir ki, nüvə elmləri istiqamətində aparılan tədqiqat işlərinin səviyyəsinə görə respublikamızın postsovet ölkələri arasında geridə qalması, bu sahədə dünyada tanınmaması, xüsusilə kadr potensialının aşağı olması ölkəmizin mühüm əhəmiyyətli beynəlxalq tədbirlərdə iştirakına da maneə yaradır.
Bildirilmişdir ki, ölkəmizdə nüvə texnologiyası ilə işləyən sahələr olmadığına, yalnız tibbdə və neft-qazçıxarma sənayesində nüvə materiallarından istifadə olunduğuna görə, layihələr də yalnız bu qurumlar tərəfindən yerinə yetirilir.
A.Qəribov demişdir ki, institutlarda, elmi – tədqiqat müəssisələrində 2011-ci il üçün nüvə tədqiqatları sahəsində planlaşdırılmış mövzuların qeydiyyatı və analizi ilə bağlı görülən işlərin dəqiq siyahısı tərtib edilməli və gələn il üçün tədqiqat işlərinin mövzuları müəyyənləşdirilməlidir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Rasim Əliquliyev demişdir ki, Azərbaycanda elmi-tədqiqat işlərinə təqdim olunan problemlərin və bu çərçivədə mövzuların respublika üzrə reyestrinin yaradılması və onun imkanlarından istifadə edilməsi “Elektron elm” proqramı tərkibində yaradılacaq mühüm informasiya resurslarından biri olardı.
Bakı Dövlət Universitetinin professoru Sacidə Abdulvahabova belə bir reyestrin yaradılmasının vacibliyini vurğulamışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini, AMEA –nın müxbir üzvü Vəli Hüseynov ölkəmizdə nüvə elmləri ilə məşğul olan şəxslərin və onların işlədikləri mövzuların siyahısının ABŞ-ın Stenford Universitetinin www.slac.stanford.edu/spires saytında yerləşdirildiyini və mütəmadi olaraq yeniləndiyini bildirmişdir. Azərbaycanda nüvə elmlərinin tətbiqi sahələrinin (tibb və neft sektoru) çox cüzi olduğunu bildirən alim, PŞ-nın strateji planının hazırlanmasının vacibliyini də qeyd etmişdir.
İclasda PŞ-da görülən işlərin canlandırılması üçün bu sahəyə dair seminarların keçirlməsi, nüvə tədqiqatları ilə bağlı geniş təbliğatın aparılmasının vacibliyi, bu işə marağı olan gənclərə qayğı göstərilməsi, elmi simpoziumların, yay və qış məktəblərinin təşkili, həmçinin elmi jurnalların nəşri təklif edilmişdir.