DÜNYA
Nyu-Cersi ştatında qəbul edilmiş yeni qanun sağalmaz xəstəliyə tutulmuş pasiyentlərin intihar etmələrinə imkan verəcək
Vaşinqton, 2 avqust, AZƏRTAC
Nyu-Cersi ştatında sağalmaz xəstəliyə tutulmuş pasiyentlər bundan sonra intihar etmək məqsədilə tibbi yardım almaq üçün müraciət edə biləcəklər.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, qubernator Fil Merfi tərəfindən aprel ayında imzalanmış “Sağalmaz xəstəliyə tutulmuş pasiyentlərə tibbi yardım haqqında” Qanun avqustun 1-də qüvvəyə minib. Bu Qanuna əsasən, həkimlərin proqnozlarına görə həyatının sonuna altı ay və ya daha az vaxt qalmış yaşlı pasiyentlərin intihar etmələrinə kömək edə biləcək dərmanlar üçün resept almalarına icazə verilir.
Belə təcrübə Kaliforniya, Kolorado, Oreqon, Vermont, Vaşinqton, Havay, Montana ştatlarının və Kolumbiya dairəsinin səhiyyə sistemlərində də tətbiq edilir.
Qanuna əsasən, əvvəlcə psixiatr və ya psixoloq pasiyentin belə qərar qəbul edilməsi üçün müvafiq əqli qabiliyyətə malik olmasını müəyyən etməlidir.
Hazırda azı 19 başqa ştatda analoji qanun layihələri müzakirə edilir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton