REGİONLAR
Oğuzun Xaçmazqışlaq kəndində modul tipli məktəb binasında ilk zəng çalınıb
Oğuz, 16 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Yeni dərs ilinin ilk günündə Oğuz rayonunun Xaçmazqışlaq kəndindəki tam orta məktəbin müəllim və şagirdləri ikiqat bayram sevinci yaşayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 16-da kənd məktəbi üçün quraşdırılan 96 şagird yerlik modul tipli bina şagirdlərin istifadəsinə verilib.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər məktəb kollektivini əlamətdar gün münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıblar. Qeyd olunub ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatları proqramı hazırda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı iş aparılır.
Diqqətə çatdırılıb ki, son illər Oğuz rayonunda müxtəlif maliyyə mənbələri hesabına 20 yeni məktəb binası tikilib istifadəyə verilib, 3 məktəb binası əsaslı təmir olunub, 3 kənddə modul tipli məktəb quraşdırılıb. 2015-ci ildə baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşən Padar kənd tam orta məktəbin binasında bərpa-gücləndirmə işləri aparılıb. Hazırda rayonun Baş Daşağıl və Mollalı kənd məktəbləri üçün quraşdırılan modul tipli yeni binalarda son tamamlama işləri aparılır. Bu məktəblər də yaxın günlərdə şagirdlərin istifadəsinə veriləcək.