REGİONLAR
“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları arasında inşa müsabiqəsi keçirilib
Masallı, 3 dekabr, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki Gənclər Mərkəzində “Ölkəmizi tanıyaq“ maarifləndirici tur-aksiyasında iştirak etmiş məktəblilər arasında “Doğma yurdum Azərbaycan” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, inşa müsabiqəsində tur-aksiyada iştirak etmiş rayonun ümumtəhsil məktəblərinin 40 şagirdi bilik və bacarıqlarını nümayiş etdirib.
Münsiflər heyətinin qərarına əsasən “Dəfinə” məktəb-liseyin X sinif şagirdi Minarə Əsgərova birinci, Mahmudavar kənd tam orta məktəbin IX sinif şagirdi Aytac Qafarova ikinci, Viləş kənd tam orta məktəbin X sinif şagirdi Dürbalaisə Əhmədova üçüncü yerə layiq görülüblər.
Qaliblərə fəxri fərman və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, dövlətimizin başçısının təşəbbüsü ilə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Masallı məktəbliləri noyabrın 14-17-də Gəncə şəhəri, Şəmkir və Göygöl rayonları ilə tanış olublar.