MƏDƏNİYYƏT
“Ölülər XXI əsr” filminin premyera tarixi açıqlanıb
Bakı, 10 avqust, AZƏRTAC
“Planeta parni iz Baku” teatrının rəhbəri, Əməkdar Artist Tahir İmanovun ekranlaşdırdığı “Ölülər XXI əsr” filminin premyera tarixi açıqlanıb.
AZƏRTAC ekran əsərinin “facebook”dakı səhifəsinə istinadla xəbər verir ki, film görkəmli dramaturq C. Məmmədquluzadənin “Ölülər” pyesi əsasında çəkilib.
Filmin premyerası sentyabrın 21-də baş tutacaq. Sentyabrın 22-dən başlayaraq ekran əsəri bütün kinoteatrlarda nümayiş olunacaq.
Filmin quruluşçu operatoru Litvanın ən peşəkar operatorlarından olan Saulius Lukoseviçius, səs rejissoru isə hazırda Rusiyada yaşayan həmyerlimiz Rüstəm Məmmədovdur.
Ekran əsərinin montajı Litvanın Vilnüs şəhərində, səs montajı isə Moskvada aparılıb. Filimdə rolları Xalq Artisti Valeh Kərimov, Əməkdar artistlər Tahir İmanov, Cabir İmanov, Bəhram Bağırzadə, Azər Məmmədzadə, Mehriban Xanlarova, Rövşən Kərimduxt və başqaları ifa edir.
Filmin devizi belədir: “Filmin heç bir qəhrəmanı uydurma deyil. Onları Azərbaycanın görkəmli dramaturqu və satiriki Cəlil Məmmədquluzadə fikirləşib”.