CƏMİYYƏT
Ölümlə nəticələnən yol-nəqliyyat qəzası törədib hadisə yerindən qaçmış sürücü həbs olunmuşdur
Bakı, 7 mart (AZƏRTAC). Paytaxtın hüquq mühafizə orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücülərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Bakı Şəhər Prokurorluğunun və Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətlərindən AZƏRTAC-a daxil olmuş birgə məlumatda deyilir ki, fevralın 27-də saat 06:50 radələrində paytaxtın Yasamal rayonu ərazisində, İnşaatçılar prospekti 24 ünvanında naməlum avtomobilin yol hərəkəti qaydalarını pozaraq piyada Əbdülova Badam Rəcəb qızını vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən yol nəqliyyat hadisəsinin “Mercedes Benz-C 200” markalı “10-VX-861” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Bakı şəhər sakini Həsən Abbasov tərəfindən törədilməsi müəyyən edilmişdir.
Cinayətin törədilməsində şübhəli bilinən H.Abbasov martın 4-də tutularaq istintaqa cəlb olunmuş və ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda istintaq tədbirləri davam etdirilir.