SİYASƏT
OMBUDSMAN ALMANİYA BUNDESTAQININ DEPUTATI İLƏ GÖRÜŞMÜŞDÜR
Bakı, 2 sentyabr (AZƏRTAC). Ombudsman Aparatının mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Almaniya Bundestaqının üzvü Yorq Tauss ilə görüşmüşdür.
E.Süleymanova Azərbaycan Ombudsmanı təsisatının insan hüquqlarının müdafiəsi sahəsində çoxşaxəli fəaliyyətini, dövlət orqanları, QHT-lər, vətəndaş cəmiyyəti ilə əməkdaşlığını, həmçinin ixtisaslaşmış beynəlxalq və regional təşkilatlarla, o cümlədən Avropa Şurası və Avropa İttifaqı, xarici ölkələrdəki milli insan hüquqları institutları ilə qarşılıqlı əlaqələrini diqqətə çatdırmışdır.
Müvəkkil insan hüquqları sahəsində tanınmış alman mütəxəssisləri, Almaniya İnsan Hüquqları İnstitutunun əməkdaşları A.Müller və F.Zaydenştikerin “BMT saziş orqanları çərçivəsindəki prosesdə milli insan hüquqları təsisatlarının rolu” kitabının BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə Ombudsman təsisatında Azərbaycan dilinə tərcümə olunduğunu, nəşr edildiyini söyləmiş və həmin nəşri qonağa təqdim etmişdir.
Ombudsmanın qanunvericiliyin, hüquq tətbiqetmə təcrübəsinin təkmilləşdirilməsi və monitorinqi sahəsində fəaliyyəti, onun tərəfindən ayrı-ayrı qanunların və məcəllələrin təhlili və təkmilləşdirilməsi ilə bağlı parlamentə təkliflər göndərildiyi, bu təkliflər əsasında bir sıra beynəlxalq aktların ratifikasiya edildiyi bildirilmişdir.
Y.Tauss Azərbaycan Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətini, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi üzrə çoxsaylı təşəbbüslərini, reallaşmış təkliflərini yüksək dəyərləndirmişdir.
Qonaq səmimi görüşə və faydalı fikir mübadiləsinə görə təşəkkürünü bildirmişdir.