REGİONLAR
Ordubad və Culfa rayonlarında “Göycə” festivalı keçirilib
![](/files/galleryphoto/2022/2/1200x630/16549479411700023233_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16549479414358329509_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16549479416309530352_1200x630.jpg)
Naxçıvan, 11 iyun, AZƏRTAC
Ənənəvi “Göycə” festivalı ilk dəfə olaraq muxtar respublikanın Ordubad və Culfa rayonlarında da keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Culfa bağlarında torpaq mülkiyyətçiləri, ailə təsərrüfatçıları tərəfindən yetişdirilən göycə məhsullarının nümayiş olunduğu festival rayon sakinləri tərəfindən maraqla qarşılanıb.
Festivalda məktəbdənkənar təhsil müəssisələrində dərnəklərə cəlb olunan şagirdlərin, məhdud fiziki imkanlı şəxslərin əl işləri, o cümlədən göycədən hazırlanan əl işlərinin sərgi-satışı da təşkil edilib.
“Göycə” festivalı rayon sakinlərinə əsl bayram əhvali-ruhiyyəsi bəxş edib, rayonun mədəniyyət və incəsənət ustaları maraqlı rəqs və musiqi nömrələri ilə festivala rəng qatıblar.
Ordubad şəhərində keçirilən “Göycə” festivalına 25 ailə təsərrüfatından 6 çeşiddə 890 kiloqram göycə məhsulu çıxarılıb. Festivalda alıcılara göycə ilə yanaşı, alça, ərik, gilənar, gilas, mürəbbəlik cəviz, alçadan hazırlanmış müxtəlif mürəbbələr, doşablar, şirələr, şirniyyat növləri, sucuq və digər məhsullar təklif olunub.
Festivalda fiziki imkanları məhdud qadınların toxuduqları əl işləri də satışa çıxarılıb. Ordubad Rayon Mədəniyyət Sarayının “Dübəndi” İnstrumental Ansamblı isə maraqlı konsert proqramı ilə rayon sakinlərində xoş ovqat yaradıb.