MƏDƏNİYYƏT
Ordumuzun qələbəsi Vətənə, torpağa və millətə bağlı düşüncə və siyasətin bəhrəsi idi
![Ordumuzun qələbəsi Vətənə, torpağa və millətə bağlı düşüncə və siyasətin bəhrəsi idi](/files/2020/3/1200x630/16057858723048061339_1200x630.jpg)
Bakı, 19 noyabr, AZƏRTAC
Xalqımız tarixinin ən möhtəşəm günlərini yaşayır, desəm yəqin ki, hər kəs bununla razılaşar. Çünki biz bütün dünyaya haqq yolda olduğumuzu bir neçə günün içində isbatladıq. Beləcə rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli və əbədi torpaqlarımızın bir qismini düşməndən azad etdi, onları məğlubiyyətlə barışmaq və biabırçı uğursuzluqlarını qəbul etdirməklə bizim diktə etdiyimiz tələblərlə razılaşmağa vadar etdi. Bu qədim və əzəmətli Azərbaycan xalqının, yenilməz və şücaətli ordumuzun, cəsarətli və yüksək iradəli dövlət başçımızın əzmkarlığının nəticəsi hesab olunmalıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə deyib.
“Məhz bu qələbə xalq, dövlət və ordu birliyinin ən parlaq nümayişi, Vətənə, torpağa və millətə bağlı düşüncənin və siyasətin bəhrəsi idi. Xalqını sevən və onun tərəqqisi və ərazi bütövlüyü üçün əlindən gələni edən bir dövlət başçısı kimi biz Prezident İlham Əliyevə daim minnətdar olacağıq.
Noyabrın 10-dan başlayaraq xalqımız Milli Qələbə Gününü qeyd edir. Hər kəsin qəlbi qürur hissi ilə döyünür. İndi hər birimiz səbirsizliklə Ağdamda, Şuşada, Laçında, Kəlbəcərdə, ümumilikdə bütün işğaldan azad olunan torpaqlarımızda dalğalanan üçrəngli bayrağımıza baxıb qürur, sevinc nidaları yüksəldirik. Bütün xalqımızı bu müqəddəs gün münasibətilə ürəkdən təbrik edir, torpaqlarımız uğrunda canından keçmiş bütün şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm. Vətən, xalq heç bir zaman bu şəhidlik zirvəsini unutmayacaq və bu qələbənin müəllifi - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ətrafında daim bax belə sıx birləşəcək. Qoy daim “Eşq olsun Azərbaycana, eşq olsun Müzəffər öndərimizə, eşq olsun Azərbaycan əsgərinə! Yaşasın Azərbaycan!” nidaları səslənsin və xalqımızın zəfəri əbədi olsun!”.