REGİONLAR
Ötən il Samuxda süni mayalanma yolu ilə 1472 baş buzov doğulub
Samux, 30 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Ötən il Samux rayonunda 5286 baş iribuynuzlu mal-qara elit törədicilərin toxumları ilə süni mayalandırılıb və 1472 baş bala alınıb.
Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son 5 ildə rayonda süni mayalanmadan 5407 baş cins buzov doğulub.
Bununla da aqrolizinq xətti ilə gətirilən cins mal-qaranın və süni mayalanmadan alınan buzovların hesabına rayonda cins heyvanların sayı yerli mal-qaranın sayını üstələyib.
Bu il rayonda iribuynuzlu mal-qaranın baş sayı 23683, qoyun və keçilərin baş sayı isə 147450 başa çatıb.
Rayonda mal-qaranın cinsinin yaxşılaşdırılması heyvandarlıq məhsulları istehsalının artmasına səbəb olub. Belə ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu il ət istehsalı (diri çəkidə) 1,4 faiz artaraq 5590 ton, süd istehsalı 1,2 faiz artaraq 30785 ton olub.