ELM VƏ TƏHSİL
Özbək müəlliflərin əsərləri haqqında kataloq-albom hazırlanacaq
Bakı, 12 dekabr, AZƏRTAC
Özbəkistan mədəni irsinin öyrənilməsi, mühafizəsi və genişlənməsi üzrə Ümumdünya Cəmiyyətinin idarə heyətinin sədri, Özbəkistan Kinematoqrafiya Agentliyinin baş direktoru Firdavs Abduxaliqov, “Özbəkistanın mədəni mirası dünya saxlanclarında” layihəsinin koordinatoru Yekaterina Soboleva, həmin layihənin elmi koordinatoru Elmira Gül və Özbəkistanın bir sıra görkəmli elm və mədəniyyət xadimləri AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, qonaqlar Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli ilə görüşüblər. Görüş prosesində Əlyazmalar İnstitutu ilə layihə rəhbərliyi arasında müqavilə imzalanıb. Müqavilədə özbək müəlliflərin Əlyazmalar İnstitutunda mühafizə olunan XII-XIX əsrlərdə üzü köçürülmüş nüsxələrinin kataloq-albomunun hazırlanması nəzərdə tutulub. İlkin mərhələdə kataloqun iki cilddə hazırlanması planlaşdırılır ki, burada Əlişir Nəvainin “Divan”ları və “Xəmsə”sinin nüsxələri, İbn Sinanın əsərlərinin müxtəlif nüsxələri, İmam Buxarinin “Cəm əs-səhih” hədis toplusunun nəfis və unikal nüsxələri, digər görkəmli özbək müəlliflərinin əsərləri haqqında geniş məlumat və onları ehtiva edən mühüm əlyazma nüsxələrindən fotolar yer alacaq.
Görüşdən sonra qonaqlar Əlyazmalar İnstitutunun Ekspozisiya zalında özbək müəlliflərin əlyazmalarından ibarət sərgi ilə tanış olublar. Beynəlxalq elmi-mədəni əlaqələr, Fondların elmi uçotu və mühafizəsi şöbələrinin birgə hazırladığı bu sərgidə Ərəbdilli əlyazmaların tədqiqi, Farsdilli əlyazmaların tədqiqi və Şərq ölkələri türkdilli əlyazmaların tədqiqi şöbələrinin əməkdaşlarının institutun ümumi əlyazma fondundan seçdikləri özbək müəlliflərinə aid ərəb, fars və özbək dilində 89 adda əlyazma abidəsi nümayiş etdirilib.