DÜNYA
Pak Kın He Yaponiya ilə münasibətləri yaxşılaşdırmaq fikrində olduğunu bildirmişdir
Tokio, 4 yanvar (AZƏRTAC). Koreya Respublikasının yeni seçilmiş Prezidenti Pak Kın He, tarixi faktları yaddan çıxarmamaq şərti ilə, Yaponiya ilə pisləşmiş münasibətləri yaxşılaşdırmaq üçün çalışmaq fikrində olduğunu bildirmişdir.
Bu barədə o, dekabrın 4-də Seulda Yaponiyanın Baş naziri Şinzo Abenin xüsusi nümayəndəsi Fukuşiro Nukaqa ilə görüşündə bildirmişdir.
Görüş zamanı F.Nukaqa demişdir ki, Baş nazir Ş.Abe hər iki ölkənin yeni formalaşmış hökumətlərinin münasibətləri yaxşılaşdırmaq üçün çalışacaqlarına ümid edir. Xüsusi nümayəndə Baş nazir Ş.Abenin məktubunu Pak Kın Heyə təqdim etmişdir.
Öz növbəsində Pak Kın He Yaponiya ilə Koreya Respublikasının müxtəlif sahələrdə əməkdaşlığının zəruriliyini qeyd etmiş və ikitərəfli münasibətlərdə tarixi hadisələri unutmadan Yaponiya ilə sülhə və tərəfdaşlığa əsaslanan əlaqələri inkişaf etdirmək fikrində olduğunu bildirmişdir.
Pak Kın He vurğulamışdır ki, fevral ayında Prezident vəzifələrinin icrasına başladıqdan sonra Yaponiyaya səfərinin tezliklə baş tutmasına çalışacaqdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio