İDMAN
Para-taekvondo üzrə Azərbaycan milli komandası Avropa çempionatında doqquz medal qazanmışdır
Bakı, 22 avqust (AZƏRTAC). Para-taekvondo üzrə Azərbaycan milli komandası Avropa çempionatında uğurla çıxış etmişdir.
Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yarışda millinin baş məşqçisi Əvəz Tağıyev və böyük məşqçi Yaşar Səfərovun rəhbərliyi altında 10 idmançımız birincilik uğrunda mübarizə aparmışdır.
Çempionatda milli komandamız 2 qızıl, 2 gümüş, 5 bürünc medal qazanmışdır. Dünya çempionatının gümüş mükafatçısı Əbülfəz Abuzərli (68 kq) və ikiqat dünya çempionu Vüsal İsmayılov (80 kq-dan yuxarı) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Nicat Müslümov (68 kq) və sonuncu dünya çempionatının bürünc mükafatçısı Emin Nüsrətdinov (58 kg) isə yarışı gümüş medalla başa vurmuşlar. İkiqat dünya çempionu Aynur Məmmədova (57 kq), Bahar Şıxəliyeva (49 kq), Cahangir Bayramov (80 kq-dan yuxarı), Rövşən Rzayev (80 kq), Aleksandr Poluşuk (80 kq) isə üçüncü yerlə kifayətlənmişlər.
Millimiz komanda hesabında üçüncü yeri tutmuşdur.