CƏMİYYƏT
Paytaxt sakininə qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Bakı, 16 fevral, AZƏRTAC
Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə fevralın 15-də Bakı şəhər sakini, Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum edilmiş B.Zeynalovun iki nəfər tərəfindən döyülməsi və Ədliyyə Nazirliyi tərəfindən ayağına taxılmış elektron bilərziyin alınaraq qaytarması müqabilində pul tələb edilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, quldurluq əməlini törətməkdə şübhəli bilinən Şamaxı rayon sakinləri İ.Qaçayev, soyğunçuluq və quldurluğa görə əvvəllər də məhkum olunmuş S.Məmmədov polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıblar.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.