CƏMİYYƏT
Paytaxtın Yasamal rayonundakı Sosial Xidmət Mərkəzində 60 uşağa xidmət göstəriləcək VİDEO
![Paytaxtın Yasamal rayonundakı Sosial Xidmət Mərkəzində 60 uşağa xidmət göstəriləcək VİDEO](/files/2024/2/1200x630/17168245445583919951_1200x630.jpg)
Bakı, 27 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi həssas əhali kateqoriyasına daxil olan şəxslərə sosial xidmətlər göstərir. Stasionar, yarımstasionar və səyyar formada göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətinin artırılması da qarşımızda dayanan məqsədlərdəndir. Həmin məqsədlə Sosial Xidmətlər Agentliyinin sosial xidmət mərkəzləri də fəaliyyət göstərir. Bu gün paytaxtın Yasamal rayonunda belə mərkəzlərdən biri imtiyazlı şəxslərin istifadəsinə verildi. Həmin mərkəzdə 18 yaşınadək əlilliyi müəyyənləşdirilmiş şəxslərə sosial reabilitasiya xidmətləri göstəriləcək. Mərkəzdə 60 uşağa sosial xidmətin göstərilməsi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, sosial reabilitasiya xidmətləri həm qrup, həm də fərdi şəkildə aparılacaq: “Burada xidmət alacaq uşaqlara loqoped, pedaqoji, psixoloji və aktiv terapiya xidmətləri göstəriləcək. Həmçinin həmin uşaqların valideynləri də onlarla rəftar və evdə sosial xidmətlərin göstərilməsi qaydaları ilə bağlı təlimlər keçiriləcək".
V.Behbudov bundan əvvəl paytaxtın Sabunçu, Nərimanov rayonlarında, həmçinin Abşeron rayonunda fəaliyyət göstərən sosial xidmət mərkəzlərində ümumilikdə 350 belə uşağa sosial xidmətlər göstərildiyini də diqqətə çatdırıb.