İQTİSADİYYAT
“Petkim” 2021-ci ildə kimya sektorunun “ixracat lideri” adını qazanıb
Bakı, 29 mart, AZƏRTAC
“Petkim” 2021-ci ildə Egey İxracatçı Birlikləri tərəfindən “İxracatın ulduzları” siyahısında birinci yeri tutub. 2020-ci ildə olduğu kimi, 2021-ci ildə də ixracat sahəsində öz mövqeyini qoruyan “Petkim” 810,9 milyon dollar ixrac gəliri əldə edib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Türkiyə”nin törəmə müəssisəsi “Petkim” 2021-ci ildə kimya sektorunun “ixracat lideri” adını qazanıb. Egey İxracatçı Birliklərinin (EİB) açıqladığı ənənəvi “İxracatın ulduzları” siyahısında “Petkim” bütün sektorlar kateqoriyasında da ilk sırada qərarlaşıb.
2020-ci ildə olduğu kimi, 2021-ci ildə də gigiyena ehtiyaclarının artması və xüsusilə qablaşdırma materiallarına olan tələbatın davam etməsi ilə “Petkim” istehsal gücündən istifadə əmsalını 87,9 faizdən (2020-ci il) 92,6 faizə (2021-ci il) yüksəldə bilib. “Petkim”, həmçinin 2021-ci ili 5,5 milyard TL xalis mənfəətlə başa vurub.