CƏMİYYƏT
Polietilen torbaların istehlakçılara ödənişli təqdim edilməsi onlardan istifadəni 50-60, bəzi ölkələrdə isə 80-90 faiz azaldır

Bakı, 13 iyul, AZƏRTAC
Plastik tullantıların ətraf mühitə mənfi təsiri haqqında kifayət qədər məlumatlar var. Ölkəmizdə də son illərdə həmin məhsullardan geniş istifadə olunması həmin məhsulların həm ucuz, həm də istifadə üçün əlverişli olması ilə bağlıdır. Həmin məhsullardan məhdudiyyətsiz istifadə plastik tullantıların gündən-günə artmasına gətirib çıxarır. Dəniz sahillərində, çimərliklərdə, su hövzələrində, çaylarda, göllərdə, meşələrdə və s. rast gəlinən bu cür tullantılar uzun müddət parçalanmır, çürümür, ətraf mühitdə həcmi çoxalmaqda davam edir. Belə davam edərsə təbiətdə geridönməz proseslər qaçılmazdır.
Plastik tullantılar ətraf mühiti çirkləndirməklə yanaşı, canlı aləmin, bitkilərin, heyvanların, dəniz bioresurslarının, quşların həyatı üçün təhlükə törədir, onların yaşayış mühitini məhdudlaşdırmaqla ölümünə səbəb olur. Hətta bəzi dəniz canlıları bu tullantıları qida kimi qəbul edərək məhv olur.
Ətraf mühiti bu tullantılardan qorumaq üçün onları yaradan məhsullardan istifadəni tədricən azaltmaq, həmin məhsulların əvəzində alternativ materialdan olan məhsullara üstünlük vermək lazımdır. Plastiklərin mərhələlərlə digər materialdan olan məhsullarla əvəz olunması və birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastiklərin istifadəsinin qadağan olunması qarşıda duran hədəflərimizdir. Bütün plastiklərin əvəz olunmasına gəldikdə isə hələ ki, heç bir ölkədə belə nailiyyətə rast gəlinmir. Lakin alternativ məhsullardan istifadəni çoxaltmaqla və plastik tullantıların təkrar emalının genişləndirilməsi ilə bu tullantıların ətraf mühitdə həcmini azaltmaq olar.
Bunu AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib.
“İlk addım olaraq yanvarın 1-dən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların (pinqvinlərin), iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, qaşıq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, satışı qadağandır. Bu qərarlar birdəfəlik istifadə üçün nəzərdə tutulan plastiklərin əvəzində bioplastik, kağız, sellüloz və digər materialdan olan alternativlərin istehsalının və idxalının genişləndirilməsi üçün sahibkarlara dəstək tədbirlərindən biridir.
Həmçinin marketlərdə polietilen torbalardan istifadənin azaldılması üçün beynəlxalq təcrübəyə uyğun bu torbaların ödənişli təklif olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 28 nömrəli Qərarı qəbul edilib. Bu qərara görə alqı-satqı prosesində mal və məhsulların daşınmasında təklif olunan birdəfəlik istifadə üçün nəzərdə tutulmuş, qalınlığı 15-50 mikron olan yüngülçəkili polietilen torbalar istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməsi və bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya əvvəlcədən məlumat verilməsi nəzərdə tutulur.
Beynəlxalq təcrübə göstərir ki, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş polietilen torbaların istehlakçılara ödənişli təqdim edilməsi onlardan istifadəni 50-60, bəzi ölkələrdə isə hətta 80-90 faiz azaldır.
Müxtəlif ictimai iaşə obyektlərində hələ də plastik məhsullardan istifadə olunmasına gəlincə isə plastik qablaşdırma məhsullarının mərhələli şəkildə azaldılması və onların alternativlərindən istifadəni təşviq etmək məqsədilə qeyd olunan qərarlar qəbul edilib.
Bu məsələdə bütün aidiyyəti idarəetmə orqanları, istehsalçılar, istehlakçılar, ictimaiyyət və KİV nümayəndələri yaxından iştirak etməlidirlər. Ətraf mühitə təhdidləri nəzərə alaraq maarifləndirmə tədbirləri geniş olmalıdır ki, həmin məhsullardan imtina edilsin, alternativlərə üstünlük verilsin. Bununla bağlı ictimai qınaq olmalıdır. Əks halda, qəbul olunan qərarlarla məqsədimizə çatmaq mümkün olmaya bilər”, - deyə M.Nəbiyev bildirib.