POLİS SAHƏ MƏNTƏQƏLƏRİNİN FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı, daxili və xarici miqrasiya prosesləri nəticəsində şəhərlərin böyüməsi, əhalinin artması ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması sahəsində əlavə tədbirlərin görülməsini tələb edir.
Ölkəmizdə urbanizasiya proseslərinin intensivləşməsini, sabit demoqrafik inkişafı nəzərə alaraq, ictimai asayişin qorunması sahəsində daxili işlər orqanları üzərinə düşən vəzifələrin icrası, yerli polis qurumlarının, o cümlədən polis sahə məntəqələrinin işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun səmərəli təşkili, əhali ilə əlaqələrin genişləndirilməsi və polis sahə inspektorlarının fəaliyyəti üçün zəruri şəraitin yaradılması məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə tapşırılsın ki:
1.1. əhalinin yerli polis qurumlarına inamının artırılması və yaşayış yeri üzrə polis sahə məntəqələrinə müraciət etmə imkanlarının asanlaşdırılması və genişləndirilməsi ilə bağlı müvafiq tədbirlər görsün, ərizə və şikayətlərə diqqətlə baxılmasını və araşdırılmasını təmin etsin;
1.2. hüquq pozuntularının törədilməsinə şərait yaradan halların təhlili, onların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin görülməsi, habelə profilaktiki işin gücləndirilməsi üçün polis sahə inspektorlarının məsuliyyətini artırsın;
1.3. polis sahə məntəqələrinin sayı və xidməti ərazi üzrə dislokasiyasını yenidən müəyyən etsin, idarəçilik mexanizmlərini daha səmərəli qursun, polis sahə inspektorlarının vəzifələrinin icrası ilə bağlı digər dövlət orqanlarının yerli qurumları və bələdiyyələr ilə əlaqəli şəkildə fəaliyyət göstərməsini təmin etsin;
1.4. polis sahə məntəqələrinin maddi-texniki təminatının yaxşılaşdırılması, lazımi avadanlıq, rabitə və başqa təşkilati-texniki vasitələrlə təmin edilməsi, polis sahə məntəqələrinin yerləşdiyi xidməti otaqların təmiri üçün müvafiq tədbirlər görsün;
1.5. öz səlahiyyətləri daxilində polis sahə məntəqələrinin işinin təkmilləşdirilməsi ilə bağlı digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Bakı şəhəri İcra Hakimiyyətinə, respublikanın şəhər və rayon icra hakimiyyətlərinə, habelə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə tapşırılsın ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təklifləri əsasında yeni inşa edilmiş və başqa yaşayış massivlərində polis sahə məntəqələri üçün istifadəyə yararlı xidməti otaqların ayrılmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 mart 2007-ci il.