SİYASƏT
Politoloq: Son illərdə Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində yerini və imicini daha da möhkəmləndirib
![Politoloq: Son illərdə Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində yerini və imicini daha da möhkəmləndirib](/files/2022/1/1200x630/16416321905645317570_1200x630.jpg)
Bakı, 8 yanvar, AZƏRTAC
Keçən il Azərbaycan beynəlxalq arenalarda bir sıra uğurlar qazandı. Bu uğurların böyük hissəsi Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. Dövlətimizin başçısı Azərbaycanın milli maraqlarını, mənafeyini beynəlxalq platformalarda qətiyyətlə və prinsipiallıqla qoruyur. Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində bunu aydın şəkildə görmək olar. 2021-ci il də daxil olmaqla Azərbaycan beynəlxalq platformalarda bir sıra uğurlara imza atdı. İkitərəfli və çoxtərəfli müstəvidə münasibətlərin daha da dərinləşməsi istiqamətində bir sıra təşəbbüslər icra olundu. Azərbaycan Prezidenti BMT-dən sonra ikinci böyük beynəlxalq təşkilata sədrliyi zamanı həm də COVID-19 pandemiyasının qarşısının alınması üçün təşəbbüslərin birləşdirilməsi, peyvənd millətçiliyinə qarşı səylərin gücləndirilməsi istiqamətində çıxışlar etdi. Azərbaycan həm də Qoşulmama Hərəkatının üzv dövlətlərinə vaksin yardımlarının edilməsi istiqamətində də təşəbbüslər irəli sürüb. Bu, dünyada mövcud olan qeyri-bərabərliyin, ikili standartların, qərəzli yanaşmanın qarşısının alınması yönündə də qlobal təşəbbüs kimi qiymətləndirilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu gün dünya dövlətlərinin bəziləri öz əhalisinin sayından dəfələrlə çox vaksin əldə etməyə maraq göstərir. Bu, həm də vaksin qıtlığına gətirib çıxaran amillərdəndir. Həmçinin bu addım inkişaf etməkdə olan və yoxsul dövlətlər üçün vaksin çatışmazlığını labüd edir. Bu məsələlərə də münasibətini bildirən Azərbaycan ikili standartların qarşısının alınmasında maraqlıdır. BMT-nin insan haqları komitəsində bu istiqamətdə qərarın qəbul olunmasından sonra Baş Assambleyada xüsusi qətnamənin təsdiqlənməsi Azərbaycanın qlobal səviyyədə təşəbbüsləri ilə birbaşa əlaqəlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.
Politoloq bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə əlaqələrin yaxşılaşdırılması üçün bir sıra fəaliyyət mexanizmlərini icra edib. 2021-ci ilin sonunda Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı Şarl Mişellə görüşündə bir neçə məqama toxunuldu. Bunlara misal olaraq, Azərbaycanın “Şərq tərəfdaşlığı” proqramında fəal şəkildə iştirakı diqqətə çatdırıldı. Ölkəmizlə Aİ arasında paraflanmış sənədlə ərazi bütövlüyü, suverenlik, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı “qırmızı xətt” kimi göstərildi. Dövlətimiz üçün ərazi bütövlüyü məsələsi ən prioritet vəzifələr sırasındadır. NATO kontekstində “Sülh naminə tərəfdaşlıq” Proqramında Azərbaycan fəal iştirak edir. Belə ki, NATO-nun həyata keçirdiyi təlimlərə və seminarlara Azərbaycanın əsgər və zabitləri də qatılırlar. Həmçinin dövlətimiz NATO-nun Qətiyyətli Dəstək missiyasında 2021-ci ildə uğurlu fəaliyyət göstərib. Bunun nəticəsində də NATO-da Azərbaycanın uğurlu fəaliyyəti təqdir olunub. Eyni zamanda, Əfqanıstandan NATO kontingentinin çıxarılması prosesində Azərbaycan ölkəni ən son tərk edən sülhməramlı dəstə kimi fərqlənmişdir. Bu prinsipiallıq və əhalinin təxliyə olunması istiqamətində həyata keçirilmiş fədakarlıq NATO-nun baş katibi Yens Stoltenberq tərəfindən də yüksək səviyyədə ifadə olundu. Nəzərə almaq lazımdır ki, Azərbaycan Vətən müharibəsində 4-cü və 5-ci nəslin müharibələrinə uyğun olaraq süni intellektdən, müasir texnologiyalardan istifadə etdi. Bu uğurlu hərbi əməliyyatlar NATO-nun və digər beynəlxalq təşkilatların hərbi komandanlığı tərəfindən diqqətlə izlənilib. Azərbaycan hazırda müasir texnologiyaların orduda geniş şəkildə istifadə olunması istiqamətində faktiki addımlar ataraq, müasir silah və sursatları arsenalına daxil edir. Həmçinin müasir standartlara uyğun olaraq ordunun komplektləşdirilməsi prosesi davam etdirilir. Bu istiqamətdə NATO ilə Azərbaycan arasında münasibətlər də strateji xarakteri ilə seçilir”.
Politoloq, həmçinin vurğulayıb ki, ölkəmiz MDB çərçivəsində də münasibətlərin yaxşılaşdırılması istiqamətində də fəaliyyətini genişləndirib. Prezident İlham Əliyev ilin sonunda MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak edib. Postsovet məkanında baş verən geosiyasi dəyişikliklər, müasir tendensiyaların və çağırışların qarşısında dövlətlərin çevik, operativ hərəkət etməsi, COVID-19-a qarşı qlobal fəaliyyətin daha da dərinləşdirilməsi və digər müasir paradiqmalar qarşısında dövlətlərin əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan həm də üçtərəfli formatlarda çox uğurlu əməkdaşlıq imkanları formalaşdırıb. Bunlara misal olaraq Azərbaycan-Rusiya, Azərbaycan- İran-Türkiyə, Azərbaycan-Rusiya-Türkmənistan, Türkiyə- Azərbaycan-Pakistan və digər geosiyasi üçbucaqlarda ölkəmiz fəal şəkildə iştirak edir. Ötən il Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində digər geosiyasi üçbucaq da formalaşdı. Burada Azərbaycan, Türkmənistan, İran əlaqələrini xüsusilə qeyd etmək lazımdır. Çünki Türkmənistan qazının İran vasitəsilə Azərbaycana nəqli yeni iqtisadi prioritetlər yaradır. Həmçinin regional əməkdaşlığı daha da dərinləşdirir. Ümumiyyətlə, Cənubi Qafqazla Mərkəzi Asiyanın təhlükəsizlik arxitekturasının daha da möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan bundan sonra da bölgənin təhlükəsizliyinin qorunması və daha da gücləndirilməsi, risklərin minimallaşdırılması təşəbbüslərinin davam etdirilməsi mövqeyindən çıxış edəcək. Son illərdə Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində özünün rolunu və imicini daha da artırıb. Ölkəmiz bu istiqamətdə tədbirləri genişləndirməkdədir.