İQTİSADİYYAT
Polşa-Azərbaycan Əməkdaşlıq Cəmiyyətinin Azərbaycana həsr olunan ilk tədbiri keçirilib
Bakı, 2 mart, AZƏRTAC
Polşalı tələbələrin təşəbbüsü ilə yaranmış Polşa-Azərbaycan Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə Katovitsa İqtisadiyyat Universitetində Azərbaycana həsr olunan görüş keçirilib. Görüşdə Universitet rəhbərliyi, tələbə və müəllim heyəti iştirak edib.
Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Polşa-Azərbaycan Əməkdaşlıq Cəmiyyətinin sədri David Çeçuda tədbir iştirakçılarına Cəmiyyətin yaranma səbəbləri, məqsədləri, Azərbaycan-Polşa əlaqələrinin inkişafı üçün nəzərdə tutulan gələcək layihələr haqqında məlumat verib. Sonra Azərbaycana həsr edilən qısa filmin təqdimatı olub.
Daha sonra səfirliyin əməkdaşı Elnarə Məmmədova tədbir iştirakçılarına Azərbaycanın tarixi, mədəniyyəti, təhsil sistemi, tələbə və müəllim mübadiləsi, Azərbaycan-Polşa münasibətləri, polyak ziyalılarının, mühəndis və memarlarının Azərbaycan tarixində xidmətləri, səfirliyin Polşa-Azərbaycan münasibətlərinin inkişafında təşkil etdiyi silsilə tədbirlər haqqında məlumat verib.
Tədbirin sonunda prorektor professor Robert Tomanek Katovitsa İqtisadiyyat Universitetinin Azərbaycanın təhsil ocaqları ilə əlaqələr qurmaqda maraqlı olduğunu, həmçinin tələbə və müəllim mübadiləsi üçün lazımi dəstəyi göstərməyə hazır olduğunu bildirib.