RƏSMİ XRONİKA
Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışında iştirak edib [YENİLƏNİB - 2] VİDEO
Bakı, 23 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı İlham Əliyev əvvəlcə Azərbaycan Ordusunun inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoydu.
Yeni hərbi şəhərcik 42 hektar ərazidə yerləşir. Burada tikinti işləri 2014-cü ilin mayında başlanıb, ötən ilin sonunda isə yekunlaşıb. Şəhərcikdə zabit, gizir və çavuşlar üçün 9 yaşayış binası inşa edilib. Onlardan 4-ü ailəli, 5-i isə subay hərbi qulluqçular üçündür. Ərazidə ümumilikdə 13 əsgər yataqxanası tikilib. Hərbi şəhərcikdə inzibati, xidməti və texniki binalar da inşa edilib.
Ali Baş Komandan, Prezident İlham Əliyev hərbi şəhərciyin rəmzi açılışını bildirən lenti kəsdi.
Hərbi şəhərciyin qərargah binası müasir səviyyədə yaradılıb. İkimərtəbəli qərargah binasının foyesində ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdikləri diqqəti əks etdirən fotostend yaradılıb. Burada hərbi hissə növbətçisi, istirahət, qonaq və digər xidməti otaqlar var. Qərargah binasında Şərəf otağı, brifinq və akt zalları da hərbçilərin ixtiyarına verilib. Bir sözlə, burada hərbi qulluqçulara xidmətlərini yüksək səviyyədə aparmaq və istirahət etmək üçün hərtərəfli şərait yaradılıb.
Hərbi şəhərcikdə ailəli hərbi qulluqçuların yerləşməsi üçün iki və üçotaqlı mənzillərdən ibarət yaşayış binaları inşa edilib. Binalardakı mənzillər yumşaq və bərk mebellər, zəruri inventar və televizorla təmin olunub. Bütün binalara su, elektrik, telefon, internet və televiziya kabeli xətləri çəkilib.
Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. 2003-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün milli ordumuzun dünyanın ən qüdrətli ordularının sırasına daxil olmasına imkan yaradıb.
Ərazidə xüsusi tibbi avadanlıqla təchiz edilmiş 76 çarpayılıq, ikimərtəbəli tibb məntəqəsi də tikilib. Tibb məntəqəsinin binasında Ulu Öndərin və dövlətimizin başçısının hərbi qulluqçularla görüşlərini əks etdirən fotolar sərgilənir. Burada UZİ, elektrokardioqram, rentgen, diaqnostika, lor, oftalmoloji, stomatoloji, fizioterapiya kabinetləri, laboratoriya yaradılıb. Bu kabinetlərdə müasir tibb cihazları quraşdırılıb. Bu isə tam imkan verir ki, şəxsi heyətə ixtisaslı tibbi yardım göstərilsin. Tibb məntəqəsinin palataları müasir səviyyədədir. Binada hərbi tibbi hazırlıq sinfi də yaradılıb.
Bu cür hərbi şəhərciklərin inşası bir daha sübut edir ki, ordu quruculuğu sahəsində aparılan islahatlar kompleks şəkildə həyata keçirilir. Bütün bunlar isə Azərbaycan Ordusunun qüdrətini artırır, hərbi sahənin maddi-texniki bazasını möhkəmləndirir.
Hərbi şəhərcikdə bütün avadanlıqla təchiz edilmiş yeməkxana inşa edilib. Dövlətimizin başçısına burada hərbi qulluqçuların istifadə etdikləri ərzaqlar barədə məlumat verildi. 1790 yerlik yeməkxanada əsgər və zabitlərin dolğun qidalanması üçün hərtərəfli şərait vardır. Burada mətbəx və təsərrüfat otaqları, eləcə də ərzaq və əşya anbarları yaradılıb. Yeməkxana kompleksində çörək istehsalı sahəsi də fəaliyyət göstərir. Bu istehsal sahəsi hərbi hissənin şəxsi heyətini çörək və şirniyyat məmulatları ilə tam təmin etmək imkanına malikdir.
Ərazidə şəxsi heyətin uzunmüddətli yerləşməsi məqsədilə yataq, məişət və xidməti sahələrdən ibarət əsgər yataqxanaları tikilib. Dövlətimizin başçısı hərbi hissənin əsgər yataqxanasına da baxdı. Burada əsgərlərin qalması və istirahəti üçün hərtərəfli şərait var. Yataqxanada ideoloji otaq, dəftərxana və digər inzibati otaqlar yaradılıb.
Prezident İlham Əliyevə hərbi hissədəki texnika barədə də məlumat verildi. Bu gün ordumuzun balansında dünyanın ən müasir silah-sursatı və hərbi texnikası var. Son illərdə dövlətimizin başçısı, Ali Baş Komandanın diqqəti sayəsində ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar açır. Təsadüfi deyil ki, indi ölkəmizin silah-sursatları bir çox parametrlərinə görə dünyada ilk yerlərdən birini tutur. Bu hərbi texnika ilə Azərbaycan Ordusu Ali Baş Komandanın əmrinə əsasən istənilən an düşmənə sarsıdıcı zərbə vuraraq, torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Məlumat verildi ki, hərbi hissədə zirehli avtomobil və texnikaların yerləşdirilməsi üçün xüsusi yerlər inşa edilib. Hərbi texnika üçün parkın ərazisində yeni avadanlıqla təchiz edilmiş texniki nəzarət, qulluq, təmir, yanacaqdoldurma və digər məntəqələr tikilib.
Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, eləcə də hərbi qulluqçuların və onların ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili, təhsil və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə hərbi şəhərciyin ərazisində 528 yerlik klub inşa edilərək lazımi avadanlıqla tam təchiz olunub. Bundan başqa, ərazidə hərbi qulluqçuların peşə və ixtisas hazırlığının təşkili məqsədilə müvafiq avadanlıq və qurğularla təchiz edilmiş 2 tədris korpusu inşa olunub. Təntənəli mərasimlər, qoşunların sıra təlimləri, düzülüşlər, şəxsi heyətin sıra baxışı, döyüş və fiziki hazırlıq, eləcə də digər tədbirlərin keçirilməsi üçün 3 sıra meydanı salınıb. Şəhərcikdə qarovul xidmətinin təşkili və aparılması məqsədilə qarovul şəhərciyi və qarovul evi inşa edilib.
Hərbi şəhərcik yaradılarkən hərbi qulluqçuların idmanla məşğul olmaları diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə burada minifutbol, basketbol, voleybol, həndbol meydançaları, maneələr və qaçış zolaqlarının daxil olduğu idman-məşq qurğuları sahəsi yaradılıb.
Hərbi hissədə müasir avadanlığın quraşdırıldığı hamam-camaşırxana-qazanxana kompleksi fəaliyyət göstərir. Burada, həmçinin bərbərxana və dərzi otaqları da var. Hərbi hissənin isti su təchizatını təmin etmək və istiliyə ehtiyacını ödəmək üçün müasir tipli qazanxanada suqızdırıcı qurğular quraşdırılıb. Şəhərcikdə bir buxar qazanxanası, iki transformator yarımstansiyası və biotəmizləyici su stansiyası da inşa edilib. Ərazidə həcmi 500 kubmetr olan ehtiyat və yanğın əleyhinə tədbirlər üçün nəzərdə tutulan su anbarları da yaradılıb.
Hərbi şəhərcikdə yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı hərbi qulluqçularla görüşdü.
Ali Baş Komandan, Prezident İlham Əliyev görüşdə çıxış etdi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin
çıxışı
-Əziz hərbçilər.
İlk növbədə, sizi yeni inşa olunmuş hərbi şəhərciyin açılışı münasibətilə təbrik etmək istəyirəm. Ərazisi 42 hektar olan bu şəhərcik ən yüksək standartlara cavab verir. Şəhərciklə tanış olarkən görürəm ki, xidmət aparmaq, yaşamaq üçün bütün şərait var. Ən müasir standartlar tətbiq olunub, xidmət şəraiti ən yüksək səviyyədədir. Hesab edirəm ki, bu hərbi şəhərcik dünya miqyasında nümunəvi hərbi şəhərcikdir.
Bu şəhərciyin inşa edilməsi bir daha onu göstərir ki, Azərbaycanda ordu quruculuğuna çox böyük diqqət yetirilir. Son bir neçə il ərzində iyirmidən çox hərbi şəhərcik tikilib və əsaslı şəkildə təmir edilib. Bu gün hərbi hissələrimizin mütləq əksəriyyəti demək olar ki, bu səviyyədədir. Ümid edirəm ki, növbəti bir-iki il ərzində yararsız vəziyyətdə bir dənə də hərbi infrastruktur olmayacaq.
Ordu quruculuğu prosesi Azərbaycanda dövlət siyasətidir. Hərbçilərin məişət problemləri də öz həllini tapır. Bildiyiniz kimi, iyirmi il qüsursuz xidmət göstərən hərbçilərə dövlət tərəfindən pulsuz mənzillər verilir, bu proses artıq geniş vüsət alır. Xidmət aparmaq üçün bütün lazımi tədbirlər görülür. Bir sözlə, hərbçilərimizin həm xidmət, həm də məişət şəraiti daim diqqət mərkəzindədir.
Bizim ordumuz güclü ordular sırasındadır. Son illər ərzində ordumuzun maddi-texniki təminatı böyük dərəcədə inkişaf edib. Bu gün təminat-təchizat baxımından yüksək səviyyəyə malik olan Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Biz son illər ərzində bir çox ölkələrdən ən müasir texnika, silah-sursat almışıq ki, bu texnika və silahlar bu gün bizim ordu potensialımızı gücləndirir. Bir neçə ölkədən alınmış onlarla döyüş təyyarəsi, 100-dən çox hərbi və hərbi nəqliyyat vertolyotu, hava hücumuna qarşı müxtəlif müasir sistemlər bizim müdafiə gücümüzü artırır. Müxtəlif ölkələrdən alınmış ən müasir tanklar, zirehli maşınlar, artilleriya qurğuları da düşmənin istənilən hədəfini yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvəsi ilə məhv edə bilər. Ən müasir pilotsuz uçuş aparatları, həm kəşfiyyat, həm döyüş üçün digər texnikalar alınır və bu proses bu gün də davam edir.
Bir daha qeyd etmək istəyirəm ki, ordu quruculuğu kompleks şəkildə öz həllini tapır. Həm hərbçilərin xidmət, məişət şəraiti, döyüş texnikası ilə təminat, eyni zamanda, ordumuzun döyüş qabiliyyəti böyük dərəcədə artmışdır. Ordumuzda ruh yüksəkliyi var, vətənpərvərlik hissləri çox yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Müxtəlif təhlillər aparılır, hərbi mütəxəssislər öz fikirlərini söyləyirlər. Biz bunu bilirik, dünya da bilir ki, həm döyüş qabiliyyəti, həm hərbi-texniki təminat baxımından bu gün Azərbaycan Ordusu, sözün əsl mənasında, güclü ordular sırasındadır.
Bütün bu nailiyyətləri biz özümüz əldə etmişik, öz hesabımıza, güclü iqtisadiyyat hesabına. Çünki əgər güclü iqtisadiyyat olmasaydı, biz bütün bu işləri görə bilməzdik. Yaradılan bu hərbi şəhərcik bu gün bizim həm ordumuzun, həm dövlətimizin gücünü göstərir. Bu gün dünyada maliyyə-iqtisadi böhran davam edir. Ancaq buna baxmayaraq, biz bu məqsədlər üçün böyük vəsait ayırırıq və ayıracağıq. Bunu təmin edən güclü iqtisadiyyatdır. İqtisadiyyatda aparılan işlər, islahatlar bizim ordumuzu, dövlətimizi gücləndirir. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, öz hesabına yaşayır, heç kimdən asılı deyil, heç kimin maliyyə yardımına ehtiyac duymur. Öz hesabımıza yaşayırıq və ildən-ilə daha yaxşı yaşayırıq.
Bizim hərbi hissələrimizin vəziyyəti bir neçə il bundan əvvəl tam fərqli idi. Mən xüsusi göstəriş vermişdim ki, bu vəziyyət təhlil edilsin, mənə məruzə olunsun və tədbirlər görülsün. Yadımdadır, bir neçə il bundan əvvəl müxtəlif bölgələrimizdə yerləşən hərbi hissələrin fotoşəkilləri mənə təqdim ediləndə, əlbəttə ki, mənzərə çox acınacaqlı idi. Yarıdağılmış binalar, yararsız vəziyyətdə olan kazarmalar, ordumuzun ərzaq təminatı çox aşağı səviyyədə idi. Ona görə dərhal göstəriş verdim və bu sahədə köklü dəyişikliklər baş verdi. Bu gün Müdafiə Nazirliyinin rəhbərləri bütün bu işləri yüksək səviyyədə təmin edirlər. Yəni, bu gün həm təminat, həm xidmət baxımından Azərbaycan Ordusu dünyada nümunəvi ordular sırasındadır.
O ki qaldı, ordumuzun döyüş qabiliyyətinə, biz bilirdik və müntəzəm olaraq, bu istiqamətdə işlər aparılırdı. Həm nizam-intizam, həm döyüş qabiliyyəti, həm hazırlıq və bütün bu görülmüş işlər özünü lazım olan vaxtda göstərdi. Keçən ilin aprel ayında erməni silahlı təxribatının qarşısını alaraq, Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsi işğaldan azad edildi. O ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Minlərlə hektar torpaq işğaldan azad edildi. On minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. O torpaqlarda təmizlik işləri aparılır və yaxın gələcəkdə məcburi köçkünlər o ərazilərə qayıdacaqlar.
Aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir. Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir. Ermənistan öz acı məğlubiyyətini etiraf etmək istəməsə də məcburdur ki, etiraf etsin. Məhz aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri başda olmaqla bir çox yüksək vəzifəli hərbçilər öz vəzifələrindən kənarlaşdırıldı. Bu, aprel döyüşlərinin nəticəsi idi. Bizim əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərdilər. Biz şəhidlər də verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq torpağımızı qoruduq, torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdik. Aprel döyüşləri hərbi kitablara salınmalıdır. Azərbaycan Ordusu həm hərbi peşəkarlıq, həm qəhrəmanlıq göstərmişdir.
Bütün bu uğurların təməlində düşünülmüş siyasət dayanır. Ordu quruculuğu prosesi Azərbaycanda ardıcıllıqla icra edilir. Həm təminat, təchizat, müasir texnikanın alınması, döyüş qabiliyyətinin artırılması, eyni zamanda, bizim hərbi uğurlarımız siyasi uğurlarla da tamamlanır. Biz bu gün özümüzü beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi təqdim etmişik. Bizim dünyadakı dostlarımızın sayı getdikcə artır. Bizim haqq işimiz barədə dünya ictimaiyyəti daha da dolğun məlumat əldə edir.
Bu gün heç kimə sirr deyil ki, bizim işimiz haqq işidir və biz öz torpağımız uğrunda vuruşuruq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı Dağlıq Qarabağda yaşayıb-yaratmışdır. Orada yerləşən tarixi, dini abidələrimiz bizim qədim mədəniyyətimizi əks etdirir. Təkcə Dağlıq Qarabağ deyil, indiki Ermənistanın ərazisi tarixi Azərbaycan torpağıdır. Əgər statistikaya nəzər salsaq görmək olar ki, XX əsrin əvvəllərində İrəvan şəhərinin əhalisinin yüzdə 70-i azərbaycanlılar idi. İndiki Ermənistanın bir çox toponimləri Azərbaycan mənşəlidir. İrəvan, Zəngəzur, Göyçə bizim tarixi torpaqlarımızdır. Bizim torpaqlarımızda erməni dövləti qurulubdur. Özü də əfsuslar olsun ki, bizim öz dəstəyimizlə. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda onun ilk qərarlarından biri də İrəvanı Ermənistana vermək qərarı idi. Yəni, bu, tarixdir, yaxın tarixdir. Bu tarix bir daha onu göstərir ki, Azərbaycan xalqı bu ərazilərdə əsrlər boyu yaşayıb və yaşamalıdır.
O ki qaldı, Dağlıq Qarabağ əhalisinə, onu da tarixçilər və bu məsələ ilə məşğul olanlar yaxşı bilirlər. Əlbəttə Azərbaycan xalqı da bilir ki, XIX əsrin 20-ci illərində Dağlıq Qarabağa İrandan və Şərqi Anadoludan kütləvi surətdə erməni əhalisi köçürülmüşdür. O məqsədlə köçürülmüşdür ki, həmin ərazidə milli və dini tərkib dəyişdirilsin və məhz buna görə XX əsrin 20-ci illərində Azərbaycan ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Yəni, bu, tarixdir. Tarix və ədalət bizim tərəfimizdədir. Yenə də deyirəm, bu, bizim haqq işimizdir, bu, bizim torpağımızdır və biz bu torpağa qayıtmalıyıq.
O ki qaldı, beynəlxalq hüquqa, beynəlxalq hüquq da bizim mövqeyimizi müdafiə edir. Bir çox mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərar və qətnamələr qəbul etmişdir. Xüsusilə BMT Təhlükəsizlik Şurası - dünyanın ən ali orqanı 4 qətnamə qəbul etmişdir və bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Əgər kimsə bunu unudubsa, biz bunu yada sala bilərik. Bax, budur bu qətnamələrin əsas mahiyyəti. Ancaq Ermənistan buna məhəl qoymur və işğalçı ölkəyə heç bir təzyiq göstərilmir. BMT Təhlükəsizlik Şurası ilə yanaşı, digər beynəlxalq təşkilatlar - İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası oxşar qərar və qətnamələr qəbul etmişdir. Onlar da kağız üzərində qalıb. Bu, ədalətsizlikdir, bu, beynəlxalq normaların kobudcasına pozulması deməkdir. Ancaq yenə də işğalçı dövlətə heç bir təzyiq göstərilmir. Bu, ikili standartlar siyasətidir. Əfsuslar olsun ki, bizim ölkəmiz uzun illər ikili standartlarla üzləşir. Bəzi yerlərdə BMT Təhlükəsizlik Şurasının qətnamələri bir gün ərzində icra edilir, bizə gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalır və onları qəbul edənlər də buna biganə qalırlar. Belə olan halda Azərbaycan öz gücünü artırmalıdır və artırır.
Biz hərbi gücümüzü artırmışıq və artıracağıq. Siyasi addımlar atılacaq ki, beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı öz mövqeyini daha da geniş ifadə etsin. Biz öz iqtisadi gücümüzü artıracağıq və bütün böhranlara baxmayaraq, ordumuza nə qədər vəsait lazımdırsa, o qədər də təmin ediləcəkdir. Bu gün də bizim büdcə xərclərimizin strukturunda hərbi xərclər birinci yerdədir. Bizim başqa ehtiyaclarımız da var. Sosial məsələlərin həlli, infrastruktur layihələrinin icrası, digər vacib məsələlər var. Onlar da öz həllini tapır. Amma, ilk növbədə, ordu quruculuğudur. İlk növbədə, ordumuzun ehtiyacları təmin edilməlidir və biz gücləndikcə, əlbəttə ki, münaqişənin həllini yaxınlaşdıracağıq.
Münaqişənin həlli isə çox sadədir. Birincisi, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq! Dağlıq Qarabağ Azərbaycan torpağıdır, həm tarix, həm bütün dünya birliyi bunu belə qəbul edir. Azərbaycan müstəqilliyə qovuşanda, vahid dövlət kimi BMT-yə üzv olanda Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edilmişdir. Yəni, bu məsələnin həlli bundan ibarətdir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərildiyi kimi, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar.
O ki qaldı, Dağlıq Qarabağın gələcək statusuna, bu status ancaq vahid Azərbaycan dövləti çərçivəsində mümkün ola bilər. Münaqişənin həlli bundan ibarətdir və Ermənistan rəhbərliyi bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşı olacaq. Ərazi bütövlüyünün təmin olunması, işğala son qoyulması bu münaqişənin həlli üçün əsas amillərdir. Bu məqsədlərə nail olmaq üçün bir daha demək istəyirəm, daha da güclü olmalıyıq və biz bu gün dünya miqyasında böyük təqdirlə qarşılanan güclü Azərbaycan dövləti yaradırıq. Biz öz azad gələcəyimizi qururuq, müstəqil həyatımızı qurmuşuq. Biz 25 ildir ki, müstəqil dövlətik və bir daha demək istəyirəm, heç kimdən heç bir yardım almadan, bəzi başqa ölkələr kimi heç kimin ətəyindən yapışmadan bunu əldə etmişik. Bu gün açığını deməliyik, Ermənistan müstəqil dövlət kimi dünya xəritəsində sadəcə olaraq formal mövcuddur. Ermənistan asılı ölkədir, öz gələcəyini özü müəyyən edə bilmir. İşğalçı siyasəti onları bax, bu vəziyyətə gətirib çıxarıbdır. Onların vəziyyətdən yeganə çıxış yolu qonşularla münasibətləri bərpa etməkdir. Bunun üçün isə işğala son qoyulmalıdır.
Biz isə gələcəkdə daha da güclü dövlətə çevriləcəyik. Həm iqtisadi potensialımız, hərbi gücümüz artacaq. Əhalimiz artır, artıq Azərbaycan əhalisi 10 milyona yaxınlaşır və şübhə yoxdur ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu şərtləndirən bir çox amillər var, onlardan birincisi güclü Azərbaycan Ordusudur və bu, bizim əsas vəzifəmizdir, əsas məqsədimizdir.
Bu gün bu hərbi şəhərciyin açılışı bir daha onu göstərir ki, Azərbaycan düzgün yoldadır. Hətta ölkə iqtisadiyyatı üçün ən ağır il olan 2016-cı ildə də biz uğurlu inkişaf dinamikasını saxlamışıq və böyük sərmayələr qoymuşuq. Son illərdə artıq 20-dən çox hərbi şəhərcik tikilib. Lakin digər yerlərdə, müxtəlif bölgələrdə hərbi şəhərciklərin tikilməsi də nəzərdə tutulur.
Mən ordumuzun bütün şəxsi heyətini bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm, ordumuza yeni uğurlar arzulayıram. Sağ olun.
X X X
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir HƏSƏNOV çıxış edərək dedi:
-Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
2016-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xidməti döyüş fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları, Ali Baş Komandanın sərəncam və göstərişləri, o cümlədən müdafiə nazirinin əmr və direktivləri əsasında həyata keçirilib.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Ordusu bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə uğurla inkişaf etdirilir.
Ali Baş Komandanın Silahlı Qüvvələrdə bütün istiqamətlərdə həyata keçirdiyi islahatlar ordunun döyüş qabiliyyətini artırıb, nizam-intizamı və hərbi qulluqçuların sosial bazasını gücləndirib.
Yeni və müasir texnologiyaların tətbiqi ilə orduda yüksək səviyyəli idarəçilik mexanizmi yaradılıb. Birlik, birləşmə və hərbi hissələrin operativ idarə olunması məqsədilə avtomatlaşdırılmış Komanda İdarəetmə məntəqələri qurulub. Bu iş bu gün də davam etdirilir. Ordunun yeni növ silah və döyüş texnikası ilə təmin edilməsi qoşunların manevr və zərbə qabiliyyətini artırıb. Döyüş qabiliyyətini təmin edən hərbi vəzifələr tank və döyüş maşınlarının ekipajları, artilleriya və raket qurğularının heyətləri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə komplektləşdirilib.
Son illər ərzində Raket və Artilleriya Qoşunlarının yeni, müasir silah və texnika, atəşi idarəetmə sistemləri ilə təminatı bu qoşun növünün zərbə gücünü kifayət qədər artıraraq, düşmənin bütün hərbi infrastruktur obyektlərini məhv etmək imkanlarını genişləndirib.
Hərbi Hava Qüvvələrinin silahlanması yüksək səviyyədədir və qoşunlar qarşıda duran vəzifələri həll etmək, o cümlədən həm havadan, həm də qurudan istənilən hücumun qarşısını almaq, düşmənin ön xəttindəki və onun müdafiəsinin dərinliyindəki mövqelərinə havadan zərbə endirmək qabiliyyətinə malikdir.
Hərbi Dəniz Qüvvələrinin infrastrukturunun inkişafında da böyük işlər görülüb. Bu qoşun növünün döyüş qabiliyyətinin artırılması üçün lazımi tədbirlər planlaşdırılıb və həyata keçirilir.
Cənab Ali Baş Komandan, ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə Sizin göstərişinizə əsasən, müxtəlif qoşun növlərinin iştirakı ilə döyüş atışlı irimiqyaslı təlimlərin keçirilməsi şəxsi heyətin idarəçilik və döyüş qabiliyyətinin artırılmasına, atəşin peşəkarlıqla idarə olunmasına imkan yaradıb.
2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusu yüksək döyüş qabiliyyəti nümayiş etdirərək on minlərlə kvadratmetr torpaqlarımızı, o cümlədən strateji yüksəklikləri azad edib və hazırda cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.
Silahlı Qüvvələrimizin aprel döyüşlərində nümayiş etdirdiyi döyüş ruhu və qabiliyyəti orduda keçirilən islahatların yüksək göstəricisidir. Silahlı Qüvvələrimiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə tam hazırdır və buna qadirdir.
Cənab Ali Baş Komandan, 2017-ci ildə Silahlı Qüvvələrin qarşısında duran əsas vəzifələr işğal altındakı torpaqlarımızın azad edilərək ərazi bütövlüyümüzün bərpa olunması, döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, qoşunların operativ idarə olunması, silahlanmaya yeni qəbul edilmiş hərbi texnika və digər döyüş vasitələrinin dərindən öyrənilməsi və tətbiqi, şəxsi-heyətin mənəvi-psixoloji hazırlığının möhkəmləndirilməsindən ibarətdir.
Cənab Prezident, Sizin yüksək diqqət və qayğınız nəticəsində ordumuzun döyüş qabiliyyəti yüksəlib, hərbi qulluqçular və onların ailə üzvlərinin sosial-məişət şəraitləri yaxşılaşıb və şəxsi heyətin təminatı yüksək səviyyəyə çatdırılıb.
Ölkəmizin müxtəlif bölgələrində, xüsusilə də cəbhəboyu zonada yeni inşa edilmiş müasir hərbi şəhərciklər istifadəyə verilir, hərbi qulluqçular xidməti və daimi mənzillərlə təmin edilirlər.
İcazə verin, bütün Silahlı Qüvvələrin şəxsi heyəti adından və şəxsən öz adımdan orduya göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirim.
Silahlı Qüvvələr Sizin əmr və göstərişlərinizi hər an yerinə yetirməyə tam hazırdır.