DÜNYA
Prezident Ərdoğan: Türkiyə Paris İqlim Sazişi də daxil olmaqla, dünyadakı bütün yenilikləri dəstəkləyir
Ankara, 6 oktyabr, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkillərinin qrup toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti, AKP sədri Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Çıxışında əsasən Türkiyədə qəbul ediləcək yeni Konstitusiyaya və 2023-cü ildə keçiriləcək seçkilərə geniş yer ayıran Prezident Rəcəb Tayyib Ərdoğan sədri olduğu AKP-nin qarşısında duran vəzifələrdən bəhs edib.
Ölkədə həyata keçirilən geniş layihələrdən, eləcə də intellektual tədbirlərdən danışan Prezident Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb ki, “Teknofest” (Aerokosmik və Texnologiya Festivalı) gənclərin tələblərinə göstərdiyimiz ən yaxşı cavablardan biridir. Təhsil islahatları, tələbələrin yataqxanalarla təmin edilməsi istiqamətində görülən işlər yüksək səviyyədədir.
Türkiyə dövlət başçısı diqqətə çatdırıb ki, ölkəsi Paris İqlim Sazişi də daxil olmaqla, dünyadakı bütün yenilikləri dəstəkləyir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara