İQTİSADİYYAT
Professor Akkan Suver: TANAP-ın Avropa ilə birləşəcək hissəsinin açılışı tarixi hadisədir
Ədirnə, 30 noyabr, AZƏRTAC
Bu gün Türkiyənin Ədirnə vilayətində TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılması Avrasiya üçün tarixi hadisədir. TANAP və TAP xətlərinin birləşməsi Avropanın təbii qazla təmin edilməsində Azərbaycanın tədarükçü tərəf kimi başlıca aktora çevrilməsini təmin edəcək.
Bu fikri layihənin əhəmiyyətini AZƏRTAC-a şərh edən Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver səsləndirib.
Professor A.Suver deyib: “Bu gün bir türk əsilli ziyalı olaraq türk dünyasının işıqlı gələcəyinə gedən yolu seyr etməkdən qürur duyuram. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Ədirnədə təntənəli bir mərasimin şahidi olduq. Trans-Anadolu təbii qaz boru kəməri və “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşməsindən yaranan xətt Yunanıstan, Albaniya və Adriatik dənizini keçərək İtaliyaya çatacaq. Beləliklə də avropalı istehlakçılar Azərbaycan qazı alacaqlar. Bu, Avropaya yeni bir nəfəs gətirəcək. Bundan başqa, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına yeni bir güc qatılacaq”.
Son 16 ildə Azərbaycandan Türkiyəyə fasiləsiz olaraq qaz nəql edildiyini vurğulayan professor Akkan Suver bildirib ki, TANAP və TAP xətlərinin birləşməsi Rusiya ilə tranzit ölkələr arasında tarazlaşdırıcı vəziyyətin qorunmasına da müsbət təsir göstərəcək. Türkiyə ərazisində 1850 kilometr məsafədə uzanan TANAP Azərbaycan ilə Türkiyə arasındakı strateji əməkdaşlığın növbəti uğurlu nəticəsi kimi tarixə yazılmaqla bərabər, yeni layihələr üçün də qapı açacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ədirnə