ELM VƏ TƏHSİL
Professor Sevinc Əliyeva: Hər birimizin borcu qaydalara riayət edərək düzgün yazımızı formalaşdırmaqdır
Bakı, 25 noyabr, AZƏRTAC
Yeddi qəzetdə aparılan monitorinqin nəticələri açıqlandı. Nəticələrə əsasən digər sahələrdə olduğu kimi, mətbuatda da orfoqrafiya qaydalarına riayət olunması məsələsi gündəmdədir. Bizi narahat edən məsələ həm dövlət, həm də digər qəzetlərdə orfoqrafiya qaydalarına düzgün riayət olunması məsələsini nəzarətdə saxlamaqdır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva söyləyib. O bildirib ki, hər birimizin borcu yazı qaydalarına riayət edərək düzgün yazımızı formalaşdırmaqdır. Düzgün yazmalıyıq ki, düzgün danışmağı bacaraq. Hər birimizin vəzifəsi ən zəngin dillərdən olan Azərbaycan dilində mükəmməl danışmaq və mükəmməl yazı bacarığını nümayiş etdirmək olmalıdır.
“Hər gün mətbuatı izləyirik və gündəlik monitorinqlərimizi aparırıq. Sentyabr və oktyabr aylarında mətbuatı izlədik. Nəticələr açıqlandıqdan və qeydiyyatımızı apardıqdan sonra onun emal və hazırlanması prosesi gedir. Hər bir qüsur və yanlışlığı hesabatımıza daxil etmirik. Eyni zamanda, qəzetlərdə müşahidə olan hər qüsuru da hesabatımıza daxil etməmişik. Hesabata ən vacib hesab olunan və daha çox kobud səhvlərlə müşahidə olunan yanlışlıqlar daxil edilib. Monitorinq aparılan 7 qəzetdə bizi narahat edən əsas üslub problemidir. Həmçinin bizi daha çox narahat edən hər bir müəllifin özünün üslubunu mətbuata, qəzetə gətirməsi və oxucusuna təlqin etməsidir. Bu, əlbəttə ki, yolverilməzdir. Çünki Azərbaycan dilinin sabit quruluşu və Azərbaycan dilinin sabit sintaktik quruluşu var. Cümlə quruluşlarına düzgün riayət olunmalı və orfoqrafiya qaydaları nəzərə alınmalıdır. Dilimizdə qarşılığı olaraq yersiz alınmalara yol verilməməlidir. Bütün bunların hamısı təbii ki, Azərbaycan dilinin müxtəlif üslubları nəzərə alınmaqla düzgün yazı vərdişlərinin ortaya çıxmasını zəruri və əhəmiyyətli, faydalı edir”, - deyə Monitorinq Mərkəzinin direktoru bildirib.
S.Əliyeva diqqətə çatdırıb ki, televiziya və radioların monitorinqlərinin nəticələrinə əsasən vəziyyət qənaətbəxşdir, artıq qüsurlar aradan qaldırılır, yanlışlıqlar daha az müşahidə olunur. Hər birimiz çalışmalıyıq ki, orfoqrafiya və orfoepiya qaydalarına riayət etməklə yazımızı, tələffüzümüzü formalaşdıraq.