SİYASƏT
Qaradağda cari ilin birinci yarısının yekunları müzakirə edilmişdir
Bakı, 19 iyul (AZƏRTAC). İyulun 18-də Qaradağ rayonunda cari ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci il iyulun 11-də keçirilmiş iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr edilmiş hesabat yığıncağı olmuşdur.
Yığıncaqdan əvvəl iştirakçılar Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsinin önünə də tər çiçəklər düzmüşlər.
Yığıncaqda bildirilmişdir ki, hesabat dövründə 304 milyon 65,5 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Qeyri-dövlət müəssisələri tərəfindən 35,8 faiz, dövlət müəssisələri tərəfindən isə 64, 2 faizədək sənaye məhsulu buraxılmışdır. Rayon iqtisadiyyatının aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 204,4 min ton xam neft, 90,6 milyon kubmetr təbii qaz hasil olunmuş, 705,9 min ton sement istehsal edilmişdir.
Cari ilin birinci yarısında rayonda bütün maliyyə mənbələrindən əsas kapitala 64 milyon 567,8 min manat investisiya qoyulmuş, pərakəndə əmtəə dövriyyəsi 8,6 faiz artaraq 593 milyon 806,1 min manata çatmışdır.
Qeyd edilmişdir ki, respublikada həyata keçirilən ünvanlı sosial yardım proqramı çərçivəsində altı ayda Qaradağ rayonunda 1253 ailəyə orta hesabla 104 manat məbləğində ünvanlı sosial yardım verilmişdir. Hesabat dövründə rayonda 218 yeni iş yeri açılmışdır.
Rayonun elektrik enerjisi və suya olan tələbatının ödənilməsi, məişət tullantılarının yığılması üzrə bir sıra işlər görülmüş, 5800 müxtəlif növ ağac və bəzək kolları əkilmişdir.
Hesabat dövründə rayonun qəsəbələrində genişmiqyaslı quruculuq, abadlıq və yaşıllaşdırma işlərinin həyata keçirilməsi rayon icra hakimiyyətinin fəaliyyətinin prioritet istiqamətini təşkil etmişdir.
Hesabat məruzəsi ətrafında çıxışlardan sonra yığıncaq iştirakçılarının rayonun sosial-iqtisadi inkişafının və infrastrukturunun hazırkı vəziyyəti ilə bağlı sualları, rəyləri və təklifləri dinlənilmişdir.