REGİONLAR
Qax Dövlət Kukla Teatrı Yeni il münasibətilə uşaqlara xüsusi bayram proqramı təqdim edəcək
Qax, 24 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax Dövlət Kukla Teatrında Yeni il münasibətilə uşaqlar üçün maraqlı bayram proqramı hazırlanır.
Teatrın direktoru Nazim Mahmudov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bayram şənliklərinə dekabrın 31-də start veriləcək. Xüsusi proqram əsasında hazırlanan tamaşanın əvvəlində Yeni ilin personajları - Şaxta baba ilə Qar qız uşaqları bayram münasibətilə təbrik edəcəklər.
Sonra uşaqlar “Günəş və qar adamları” nağıl-tamaşaya baxacaqlar. Tamaşanın rejissoru Araz Mehrablı, musiqi tərtibatçısı Nicat Fətəliyev, rəssamı Günel Babayevadır. Rollarda Azər Kərimov, Afət Yaqubova, Nuru Mustafayev və başqaları oynayacaqlar.
Teatrda bayram şənlikləri yanvarın 4-dək davam edəcək.