CƏMİYYƏT
Qaxda yol polisi sürücülərə və sərnişinlərə sərin su paylayıb, onların səhhəti ilə maraqlanıb
Bakı, 26 avqust, AZƏRTAC
Havaların isti keçməsi ilə əlaqədar Qaxda yol polisi əməkdaşları sürücülərə və sərnişinlərə sərin su paylayıb, onların səhhəti ilə maraqlanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları havaların isti keçməsi ilə əlaqədar yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərin iş və istirahət rejiminə, eləcə də onların sağlamlığına nəzarəti gücləndirib. Rayonun bir neçə yerində müvəqqəti postlar yaradılıb. Günün qızmar vaxtında avtomobil, xüsusən avtobus və mikroavtobus idarə edən sürücülər saxlanılır, onların istirahəti üçün şərait yaradılıb. Yol polisi əməkdaşları sürücülərə və sərnişinlərə sərin sular paylayıb, onların səhhəti ilə maraqlanıblar. İsti havanın təsirindən özünü halsız hiss edənlər, səhhətində problem olanlar yerindəcə həkim nəzarətindən keçirilib, onlara tibbi yardım göstərilib. DYPB-nin əməkdaşları isti havalarda sürücülərə yollarda diqqətli olmaları, hərəkəti birdəfəlik deyil, fasilələrlə davam etməyi məsləhət görüblər. Bunun həm onlar, həm də sərnişinlərin həyatı üçün vacib olduğu bildirilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.