MƏDƏNİYYƏT
Qazax rayon mədəniyyət müəssisələri bayraq gününü qeyd edib
Bakı, 7 noyabr, AZƏRTAC
Ağstafa Regional Mədəniyyət İdarəsinin 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə keçirdiyi silsilə tədbirlər çərçivəsində Qazax rayon mədəniyyət müəssisələri möhtəşəm bayram tədbiri təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən regional idarənin rəisi Vüqar Qədirov bu günün əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
Qeyd edilib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.
Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
Tədbir Qazax rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət dərnəyinin, 1 və 2 nömrəli uşaq musiqi məktəblərinin hazırladığı möhtəşəm konsert proqramı ilə davam edib.