Qazaxıstan 2030-cu ilədək enerji istehsalında bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdıra bilər
Bakı, 1 iyun, AZƏRTAC
Qazaxıstan 2030-cu ilədək enerji istehsalında bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı hədəfləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstanın energetika naziri Erlan Akkenjenov Bakı Enerji Forumunda “Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq” mövzusundakı plenar müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, ölkənin enerji siyasətinin əsas prioritetləri enerji təhlükəsizliyinin təmin edilməsi və enerji sisteminin sabitliyinin gücləndirilməsidir.
“Qazaxıstanın geniş ərazisi və fərqli iqlim şəraiti enerji sisteminin idarə olunmasını daha mürəkkəb edir. Belə ki, ölkənin cənub bölgələrində qış aylarında temperatur müsbət 20 dərəcəyə çatdığı halda, şimal bölgələrində mənfi 40 dərəcəyədək enə bilir. Hazırda bərpaolunan enerji mənbələrinin payı nisbətən aşağı olsa da, bu istiqamətdə genişmiqyaslı layihələr həyata keçirilir. Qazaxıstan dünyanın aparıcı şirkətləri, Çin investorları ilə Günəş və külək elektrik stansiyalarının tikintisini nəzərdə tutan iri müqavilələr imzalayıb”,- deyə o qeyd edib.
Nazir qeyd edib ki, bərpaolunan enerji mənbələrinin inkişafı enerji sisteminin dayanıqlılığı və etibarlı enerji təchizatı ilə paralel şəkildə həyata keçirilməlidir: “Bu istiqamətdə ardıcıl iş aparılır və hesab edirəm ki, 2030-cu ilədək bərpaolunan enerjinin payının 30 faizə çatdırılması ilə bağlı ilk hədəfimizə nail olacağıq”.