REGİONLAR
Qəbələdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam edir
Qəbələ, 18 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Ölkə ərazisində COVID-19 infeksiyasına yoluxma sayının artması ilə əlaqədar Qəbələ rayonunda da koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, rayonda karantin rejimi qaydalarının təmin olunması üçün genişmiqyaslı kompleks tədbirlər həyata keçirilir.
Rayon icra hakimiyyəti yanında yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, icra hakimiyyəti aparatının məsul nümayəndələrindən və polis əməkdaşlarından ibarət mobil qruplar karantin rejimi ilə əlaqədar müəyyənləşdirilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ictimai nəqliyyatda, ticarət və ictimai iaşə obyektlərində, əhalinin sıx olduğu məkanlarda reydlər keçirir, vətəndaşlar arasında maarifləndirici təbliğat işləri aparırlar.
Reydlər zamanı vətəndaşlara pandemiyaya qarşı mübarizədə qoruyucu vasitələrdən, xüsusilə tibbi maskalardan istifadə edilməsinin, gigiyena qaydalarına riayət olunmasının, sosial məsafənin saxlanılmasının, eyni zamanda, COVID-19 infeksiyasına qarşı peyvənd olunmanın vacibliyi ətraflı izah olunur, tövsiyələr verilir.