CƏMİYYƏT
“QHT-lərin etik kodeksi”nin hazırlanması nəzərdə tutulub
Bakı, 7 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında QHT sektoruna aid aktual məsələlər müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, şuranın sədri Azay Quliyev ölkədə fəaliyyət göstərən bir sıra QHT rəhbərlərinin müraciətini nəzərə alaraq onlarla görüş keçirib.
Görüşdə QHT qanunvericiliyinə edilmiş son dəyişikliklərdən sonra qrant müqavilələrinin qeydiyyatı, bu barədə qeyri-hökumət təşkilatlarına verilən bildirişlər, təşkilatların bank hesablarına vəsaitlərin köçürülməsi və çıxarılması, eləcə də QHT-lərin gündəmi üçün aktuallıq kəsb edən digər məsələlərlə bağlı geniş müzakirələr aparılıb.
Şuranın sədri Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi ilə bağlı son illər həyata keçirdiyi tədbirlərin böyük ictimai səmərə verdiyini qeyd edib. O, Azərbaycan dövlətinin QHT sektoru ilə bağlı siyasətinin tam şəffaf və açıq olduğunu və hər kəsə eyni münasibətin göstərildiyini vurğulayıb.
Şuraya daxil olmuş müraciətlər və onların ümumi məzmunu haqqında qurumun hüquq və monitorinq komissiyasının sədri Əliməmməd Nuriyev məlumat verib. Qeyd edilib ki, qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericiliyə edilmiş son dəyişikliklərdən sonra bəzi QHT-lər qrant müqavilələrinin qeydiyyatı, bu barədə qrant almış təşkilatlara müvafiq bildirişlərin verilməsi və bank hesablarından istifadə məsələlərində müxtəlif çətinliklərlə üzləşməkdədir. Məsələlərin nizamlanması üçün şuranın rəhbərliyi, eləcə də hüquq və monitorinq komissiyası Ədliyyə Nazirliyi, Mərkəzi Bank və digər qurumlarla birlikdə araşdırmalar aparır, QHT-lərin fəaliyyətinin mövcud qanunvericiliyə uyğun şəkildə nizamlanmasına çalışırlar. Şuranın və komissiyanın birgə səyi nəticəsində bir sıra anlaşılmazlıqlar və problemlər öz həllini tapıb.
A.Quliyev iclasda irəli sürülən təkliflərin bir daha şura tərəfindən nəzərdən keçiriləcəyini və ümumiləşdirilərək müvafiq qurumlarla müzakirə ediləcəyini diqqətə çatdırıb.
İclasın iştirakçıları QHT, hökumət və beynəlxalq təşkilatların təmsilçilərindən ibarət ictimai monitorinq qrupunun yaradılması, “QHT-lərin etik kodeksi”nin hazırlanması, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına büdcədən ayrılan maliyyə vəsaitinin həcminin bir neçə dəfə artırılması üçün hökumət qarşısında məsələ qaldırılması haqqında ümumi razılığa gəliblər.