DÜNYA
QIRĞIZISTAN HÖKUMƏTİNDƏ VƏ İCRA ORQANLARINDA KADR DƏYİŞİKLİKLƏRİ APARILMIŞDIR
Bişkek, 24 yanvar (AZƏRTAC). Son iki gün ərzində Qırğızıstan Hökumətində və icra orqanlarında ciddi kadr dəyişiklikləri aparılmışdır.
Qırğızıstan Prezidenti Kurmanbek Bakiyevin fərmanı ilə Baş nazirin birinci müavini İskenderbek Aydaraliyev vəzifəsindən azad edilmişdir. O, indiki Baş nazir İqor Çudinovun bu vəzifəyə təyin edildiyi vaxtdan - 2007-ci ilin noyabrından hökumət sədrinin birinci müavini təyin olunmuşdu.
Prezidentin fərmanları ilə təhsil və elm naziri İşenkul Boldjurova, ölkənin kənd, su təsərrüfatı və emal sənayesi naziri Arstanbek Noqoyev, Baş nazir aparatının rəhbəri Murat İsmoilov, prezidentin icra aparatı rəhbərinin müavini Dosalı Esanaliyev, Çuy vilayətinin qubernatoru Kubanıçbek Saydenov, Oş şəhərinin meri Jumadıl İsakov da vəzifələrindən azad olunmuşlar.
Bir neçə gün əvvəl isə Qırğızıstanın xarici işlər naziri Ednan Karabayev istefa vermişdi.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek