ELM VƏ TƏHSİL
“Qırmızı kitab”a daxil edilən Lənkəran akasiyası süni yolla çoxaldılır
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmiş Lənkəran akasiyası süni yolla çoxaldılır.
Lənkəran Peşə Liseyindən AZƏRTAC-a bildirilib ki, liseyin müəllim və tələbələri Lənkəran akasiyasını süni şəkildə çoxaldaraq müxtəlif ərazilərdə əkilməsini qarşıya məqsəd qoyublar. Lənkəran Peşə Liseyində artıq bu istiqamətdə işlərə start verilib.
Qeyd edək ki, Lənkəran akasiyasının zoğları yaşıl rəngli, hamar qabıqlıdır. Geniş çətirli, hündürlüyü 18-20 metrə, diametri 30-40 santimetrə çatan ortaboylu ağacdır. Gövdəsinin qabığı boz rəngli, uzununa çatlıdır. Yarpaqlar növbəli düzülmüş, ikiqat, cütlələkvarı, uzunluğu 18-25 santimetrdir. Dekorativ, ballı bitkidir, xoş ətirlidir. Qabığında 7-8 faiz aşı maddəsi, saponin, həmçinin boyaq maddəsi vardır. Qabığından alınmış cövhərdən xalq təbabətində istifadə edilir.