DÜNYA
“Qrin Kart” proqramı başa çata bilər
Vaşinqton, 21 sentyabr (AZƏRTAC). ABŞ-ın www.eurasianet.org analitik portalında “Mərkəzi Asiya və Qafqaz “Qrin Kart” lotereyasının gələcəyinə dair qərarı gözləyir” sərlövhəli məqalə yerləşdirilmişdir. Məqalə müəllifi yazır ki, immiqrasiya islahatı haqqında qanun tezliklə ABŞ Konqresində müzakirə olunacaqdır. “Qrin Kart” lotereyasına dair diskussiyalar burada davam etdiriləcəkdir. ABŞ Senatının ötən ilin iyununda 32 nəfər əleyhinə olmaqla 68 səslə qəbul etdiyi qanun layihəsi müxtəlif ölkələrdən olan 55 min adama Qrin Kart udmaq və ABŞ-a immiqrasiya etmək hüququ verən Şaxələndirmə lotereyası proqramının bağlanmasını nəzərdə tutur.
Hyustonda yaşayan ABŞ Azərbaycanlıları Şəbəkəsinin Direktorlar Şurasının üzvü Yusif Ələsgərov www.eurasianet.org portalının respondentlərindən biridir. Qrin Kart udanlardan biri olan Y.Ələsgərov analitik portala müsahibəsində demişdir: “Qrin Kart udan insanlar Birləşmiş Ştatlarda uğurlu həyat quraraq, öz mədəniyyəti və intellekti ilə bu ölkəni zənginləşdirə bilərlər”.
Yusif Babanlı
AZƏRTAC–ın xüsusi müxbiri
Vaşinqton