REGİONLAR
Qubanın avtomobil yollarında qışa hazırlıq işləri yekunlaşıb
Quba, 28 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qubada avtomobil yollarının qışa hazırlığı yekunlaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda yolların qışa hazırlığına oktyabrdan başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qubadakı 5 saylı Yol İstismarı İdarəsinin balansında 2 min kubmetr qum-duz qarışığı, 80 ton duz tədarük olunub. Artıq bu materialların yarıdan çoxu idarənin balansındakı yolların eniş-yoxuş hissələrinə, körpülərin ətrafına daşınıb. Bununla yanaşı, qarlı hava şəraitində istifadə olunan texnikalar hazır vəziyyətə gətirilərək işçi briqadalar yaradılıb.
İdarənin baş mühəndisi Xanlar Qeybullayev bildirib ki, bölgənin ən təhlükəli avtomobil yollarından sayılan 57 kilometrlik Quba-İspik-Xınalıq yolunda da qışa hazırlıq işləri tam yekunlaşıb. Yolda nəqliyyatın hərəkətində yarana biləcək çətinliklərin aradan qaldırılması üçün 18 nəfərlik növbətçi briqada yaradılıb. Yolun eniş-yoxuş hissələrinə 760 kubmetr qum-duz qarışığı tökülüb. Bununla belə sürücülərə qarlı havada bu yoldan istifadə etməmək tövsiyə olunur.
5 saylı Yol İstismarı İdarəsi 245 kilometr yerli, 17 kilometr respublika əhəmiyyətli avtomobil yoluna xidmət göstərir. Yolların buz və qardan təmizlənməsi üçün 10-dan çox texnikanın və işçi qrupların əməyindən istifadə edilir.