CƏMİYYƏT
Qusarda “Dini radikalizm və ekstremizmin təhlükələri” mövzusunda tədbir keçirilib
Bakı, 25 avqust, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Dini radikalizm və ekstremizmin təhlükələri” mövzusunda seminar keçirilib. Qusar rayonunun Hil kənd məscidində keçirilən tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, rayon icra hakimiyyəti başçısının Hil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Yafəs Qurbanov, Qafqaz Müsəlmanları İdarəsinin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov və kənd sakinləri iştirak ediblər.
Komitədən AZƏRTAC-a bildirilib ki, çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti, eləcə də yaratdığı fəsadlar barədə məlumat verilib, bu istiqamətdə görülən mübarizə tədbirlərindən bəhs olunub. Həmçinin Azərbaycanın tolerant, multikultural dəyərlərlə zəngin bir ölkə olduğu diqqətə çatdırılıb.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb və mövzu üzrə müzakirələr aparılıb.