İDMAN
“Red Bull Racing”in pilotları Bakı trekində toqquşmaya görə komandanın bütün əməkdaşlarından üzr istəyəcəklər
Bakı, 1 may, AZƏRTAC
“Red Bull Racing” komandasının pilotları Maks Ferstappen və Daniel Rikkardo Formula 1 Azərbaycan Qran-Prisində toqquşduqlarına görə komandanın bütün əməkdaşlarından üzr istəyəcəklər. Onlar bu məqsədlə “Red Bull Racing”in Böyük Britaniyadakı bazasına gedəcəklər.
Komandanın rəhbəri Kristian Horner “Sky Sports”a açıqlamasında bu barədə deyib: “İspaniyada hər şey yaxşı olacaq, mən buna əminəm. Onlar səhvə yol verdiklərini bilirlər. Bu, onların davranışlarından da bəllidir. Barselona Qran-Prisindən əvvəl onlar şəxsən bütün əməkdaşlar qarşısında üzr istəmək üçün İngiltərəyə yollanacaqlar. Çünki Formula 1 komanda idman növüdür. Yəqin ki, onlar bunu unudublar. Pilotlar öz hərəkətləri üçün cavabdehlik daşıyırlar, çünki onlar maaş aldıqları komandanın maraqları üçün çalışırlar”.
“Red Bull Racing”in hollandiyalı pilotu Maks Ferstappen bildirib ki, Azərbaycan Qran-Prisində onun avstraliyalı komanda yoldaşı Daniel Rikkardo ilə düşdüyü və hər iki pilotun trasdan çıxması ilə nəticələnən qəza onların şəxsi münasibətlərinə qətiyyən təsir etməyəcək.
M.Ferstappen deyib: “Qəzadan sonra biz Daniellə çox söhbət etdik və təbii ki, hər ikimiz yarışların bizim üçün bu cür başa çatmasından məyus olmuşuq. Lakin Bakıdakı qəzadan sonra bizim Rikkardo ilə münasibətlərimiz dəyişməyəcək. Biz əvvəlki kimi ünsiyyətimizə və işimizə davam edəcəyik”.