ELM VƏ TƏHSİL
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilmişdir
Bakı, 9 sentyabr (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədi ilə rezidentura səviyyəsinə qəbul imtahanı keçirir.
İmtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə aparılmış və 1.297 nəfər elektron ərizə doldurub təsdiq etdirmişdir. Onlardan 942 nəfəri qız, 355 nəfəri isə oğlandır.
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçirilir.
Qəbul imtahanları test üsulu ilə iki mərhələdə aparılır.
Birinci mərhələdə namizədlərin baza ali tibb təhsili istiqamətinə müvafiq olan qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılır.
Birinci mərhələnin imtahanı sentyabrın 9-da keçirilmişdir. İkinci mərhələnin imtahanı sentyabrın 10-da olacaqdır.
Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunur.
Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.
İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılır.
Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 50-dən az olmamalıdır.
Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan edildikdən sonra aparılacaqdır.