DÜNYA
Robot-astronavt Kirobo BKS-də astronavt Koiçi Vakata ilə söhbət etmişdir
Tokio, 20 dekabr (AZƏRTAC). Danışan robot-astronavt Kirobo Beynəlxalq Kosmik Sistemdə ilk missiyasını yerinə yetirərək astronavt Koiçi Vakato ilə söhbət etmişdir. Dialoqun videosu Yaponiya Kosmik Agentliyi tərəfindən yayımlanmışdır. Kosmosdakı təəssüratlarını insanla bölüşən robot, K.Vakato ilə tanışlığa məmnun olduğunu bildirmiş, hətta Şaxta Babadan yeni il hədiyyəsi arzuladığını da demişdir.
Astronavt: “Mən səninlə görüşü çoxdan gözləyirdim”.
Robot: “Mən də sizinlə tanış olmaq istəyirdim”.
Astronavt: “Kirobo, sən artıq çəkisizliyə alışmısan?”.
Robot: “Bəli, heç bir problem yoxdur”.
Astronavt: “Burada qravitasiya olmadığına görə, sən havada üzə bilərsən”.
Robot: “Bəli elədir, biz üzürük”.
Astronavt: “Kirobo, sən Şaxta Babadan hansı hədiyyəni almağı arzulayırsan?”.
Robot: “Oyuncaq raket”.
Kirobonun müəllifi mühəndis Tomotako Takahaşidir. Onun əsas vəzifəsi astronavtlara stressdən çıxmağa kömək etmək və onları söhbətlə əyləndirməkdir. Robot həm şifahi əmrləri, həm də jestləri yerinə yetirməyi, sualları cavablandırmağı və söhbəti davam etdirməyi bacarır. O həm də özünü maarifləndirmə ilə məşğul ola bilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio