İQTİSADİYYAT
Rövnəq Abdullayev: Bu ilin sonuna kimi TAP-la bağlı bütün imzalanma işləri yekunlaşacaqdır
Bakı, 10 iyul (AZƏRTAC). Bu ilin sonu - gələn ilin əvvəlində Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) layihəsi üzrə işlərin həyata keçirilməsinə başlanacaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirmişdir.
“SOCAR-Türkiyə”nin qardaş ölkədə TANAP ofisinin fəaliyyət göstərdiyini deyən R.Abdullayev qeyd etmişdir ki, hazırda orada 200-dən çox mühəndis çalışır. Layihə üzrə əsas hazırlıq işləri aparılır.
Azərbaycan qazını Avropaya daşıyacaq “Trans-Adriatik Pipiline” (TAP) layihəsinə gəldikdə isə R.Abdullayev diqqətə çatdırmışdır ki, ARDNŞ, bp və “Total” layihədə müvafiq olaraq 20, 20 və 10 faiz iştirak payı alacaqlar.
Həmçinin qazın satışı ilə bağlı müştərilərdən artıq təsdiqedici cavablar alınmışdır və hazırda müqavilələr üzərində iş gedir. TAP qaz boru kəməri ilə bağlı bazarlar müəyyənləşmişdir. Ümumiyyətlə, bu ilin sonuna kimi TAP-la bağlı bütün imzalanma işləri yekunlaşacaqdır.