İQTİSADİYYAT
“Rulopak” şirkəti Azərbaycan ilə qarşılıqlı ticarət əlaqələrini genişləndirmək niyyətindədir
Bakı, 3 aprel, AZƏRTAC
Gigiyena vasitələri bazarında 25 illik təcrübəyə malik olan türk şirkəti kimi “Rulopak” artıq Azərbaycan bazarında da fəaliyyət göstərir.
“HOREX Caucasus-2015” IX Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisinin iştirakçısı olan “Rulopak” şirkətinin baş koordinatoru Burakcan Karaman AZƏRTAC-a müsahibəsində bildirib ki, stenddə ziyarətçilərə istehsal edilən məhsulların nümunələri təqdim olunur. Şirkət, həmçinin təmizləyici vasitələr və sensorlarla təchiz olunmuş avadanlıqlar da istehsal edir. Bu məhsullar artıq Avropa və Asiya ölkələrində satışa çıxarılır. İnnovasiyalı məhsulları ilə daim fərqlənən şirkətin əsas fəaliyyət prinsipi belədir: “İlk növbədə keyfiyyət!”.
“İndi şirkətin əsas məqsədi Azərbaycan ilə qarşılıqlı ticarət əlaqələrini genişləndirməkdir. Biz Azərbaycanda distribyutor şəbəkəsini qurmaq istərdik və bu məqsədlə “HOREX Caucasus-2015” sərgisini marketinq vasitəsi seçmişik. Bu tədbir regionda yeganə ixtisaslaşmış sərgi olduğuna görə, burada yeni sifarişçilər və tərəfdaşlarla görüşlərin mümkünlüyü daha çox ehtimal olunur”, - deyə B.Karaman qeyd edib.