SİYASƏT
Rumıniyanın Peşəkar Jurnalistlər Birliyi AZƏRTAC-ın xüsusi müxbirinin Xocalı soyqırımı barədə məqaləsini yayıb
Buxarest, 28 fevral, AZƏRTAC
Rumıniyanın Peşəkar Jurnalistlər Birliyi rəsmi internet səhifələrində AZƏRTAC-ın xüsusi müxbiri İqbal Hacıyevin rumın dilində “Xocalı soyqırımı” sərlövhəli məqaləsini yayıb.
Məqalədə Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğu göstərilib, Ermənistanın ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasəti, onun ağır nəticələri barədə bəhs edilib, soyqırımının insanlığa sığmayan hərəkət olduğu vurğulanıb. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda Ermənistan silahlı qüvvələri dinc azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı törədiblər. Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdikləri qanlı qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq olmaqla 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Müəllif Xocalı soyqırımının əsl mahiyyətinin üzə çıxarılmasında və dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd edib, 1994-cü ilin fevralında Azərbaycan Respublikası Milli Məclisinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini bildirib.
Məqalədə vurğulanıb ki, Xocalı soyqırımını törədənlər cinayət məsuliyyətinə cəlb olunaraq beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.
Qeyd edək ki, Peşəkar Jurnalistlər Birliyinə Rumıniyanın 3 minə yaxın peşəkar jurnalisti üzvdür.