DÜNYA
Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin yeni müavini azərbaycanlıdır
![Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin yeni müavini azərbaycanlıdır](/files/2014/2/1200x630/14087125491932161829_1200x630.jpg)
Bakı, 7 avqust (AZƏRTAC). Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinə yeni müavin təyin edilib. Bu postu əslən azərbaycanlı olan Rəşid İsmayılov tutub. O, yeni vəzifəsində informasiya texnologiyaları sahəsinin inkişafı və beynəlxalq əməkdaşlıq məsələləri ilə bağlı işlərə rəhbərlik edəcək.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Rəşid İsmayılov bundan əvvəl, 2013-cü ilin yanvarından Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin beynəlxalq əlaqələr departamentinə rəhbərlik edib, uzun müddət “Ericsson”, “Nokia Networks”, “Nokia-Siemens Networks” və “Huawei” də daxil olmaqla, müxtəlif telekommunikasiya və informasiya texnologiyaları şirkətlərində çalışıb.
Qeyd edək ki, soydaşımız Rəşid İsmayılov 1965-ci il noyabrın 2-də Bakıda anadan olub. SSRİ Xarici İşlər Nazirliyinin internat məktəbini, Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini, həmçinin Moskva Dövlət Maşınqayırma Universitetini bitirib. Bir çox xarici dil bilir.