SİYASƏT
SAATLIDA BƏLƏDİYYƏ ÜZVLÜYÜNƏ NAMİZƏDLƏR SEÇİCİLƏRİ İLƏ GÖRÜŞÜRLƏR
Saatlı, 15 dekabr (AZƏRTAC). Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı 62 saylı Saatlı seçki dairəsi üzrə hazırlıq işləri davam etdirilir.
Seçki dairəsinin əhatə etdiyi 35 məntəqə seçki komissiyasının hamısı zəruri texniki avadanlıqla təmin edilmişdir. Məntəqələrin ərazisində təşviqat lövhələri qoyulmuşdur.
Dəqiqləşdirilmiş seçki siyahılarına əsasən, dekabrın 23-də 62 saylı Saatlı seçki dairəsi üzrə 37 min 382 nəfər seçici səsvermədə iştirak edəcəkdir.
Seçki mübarizəsinə Yeni Azərbaycan, Ana Vətən, Böyük Qurtuluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarının və bitərəflərin 360 nəfər namizədi qoşulmuşdur. Namizədlərin seçiciləri ilə sərbəst surətdə görüşərək öz platformaları barədə məlumat vermələri üçün hər cür şərait yaradılmışdır.
Hazırda bələdiyyə üzvlüyünə namizədlər təşviqat kampaniyası çərçivəsində seçiciləri ilə görüşlərini davam etdirirlər.
Seçki dairəsi dairə seçki komissiyasından bildirmişlər ki, səsvermə günü seçkilərin gedişini izləmək üçün 397 nəfər müşahidəçi qeydə alınmışdır.