REGİONLAR
“Sabahın tədqiqatçıları-2022” layihəsinə yekun vurulub
Naxçıvan, 8 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları-2022” layihəsi başa çatıb. Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində bununla əlaqədar tədbir keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə muxtar respublikanın təhsil naziri Rəhman Məmmədov aparılan məqsədyönlü təhsil siyasətindən ətraflı bəhs edib. Bildirib ki, nazirlik tərəfindən şagirdlərin istedad və bacarıqlarının aşkar edilməsinə və inkişafına, eləcə də onların elmi axtarışlara sövq edilməsinə yönəlmiş bir sıra layihələr həyata keçirilir. Onlardan biri də “Sabahın tədqiqatçıları” layihəsidir. 2019-2020-ci tədris ilindən tətbiq edilən layihə çərçivəsində ötən dövr ərzində Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərindən xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər AMEA Naxçıvan Bölməsinin alimləri tərəfindən elmi himayəyə götürülüblər. Şagirdlərlə birgə laboratoriyalarda tədqiqatlar aparılıb, məruzə, tezis, referat və hesabatlar hazırlanıb. Tədqiqatların nəticələrindən ibarət sərgilər təşkil olunub, onlarla müsabiqə və yarışlar, elmi-təcrübi konfrans və seminarlar keçirilib. Cari tədris ilində davam etdirilən layihədə 37 şagird 24 alimin rəhbərliyi altında tədqiqatlar aparıb. Ümumilikdə isə bu günədək 74 elmi rəhbərin və 132 şagirdin iştirakı ilə Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli olan 81 layihə üzrə tədqiqatlar aparılıb. Təhsil naziri “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçılarını tədris ili ərzində qazandıqları uğurlara görə təbrik edib.
Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində xeyli sayda irəliləyişlərin qeydə alındığını, istər məktəblilərin, istərsə də bölmə əməkdaşlarının tədqiqatlara həssaslıqla yanaşdıqlarını bildirib. Savadlı, intellektual gənc nəslin formalaşdırılmasının prioritet məsələlərdən olduğunu qeyd edən akademik bildirib ki, muxtar respublikada elm və təhsilə göstərilən hərtərəfli qayğı tədris prosesinin yaxşılaşdırılmasının, yeni-yeni layihələrin icrasının, uğurların əldə olunmasının başlıca səbəbdir. “Sabahın tədqiqatçıları” layihəsi də elmi potensialı artırmaqla yanaşı, gənc nəsildə mütəxəssislərlə işləmə bacarıqları formalaşdırır, gələcək peşə seçimlərinə müsbət təsir göstərir.
“Sabahın tədqiqatçıları” layihəsinin icraçısı, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova 2021-2022-ci tədris ilində layihə çərçivəsində görülən işlər və qazanılan uğurlar barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd edib ki, beynəlxalq səviyyəli müsabiqələrdə 36 şagird I dərəcəli diplom və medala, 1 şagird III dərəcəli diplom və medala, 3 şagird müxtəlif konfranslarda sertifikatlara layiq görülüb. “Sabahın alimləri” layihəsində 7 şagird 4 layihə ilə iştirak edib, 3 layihə beynəlxalq qurumların mükafatlarını əldə edib.
Tədbirdə “Sabahın tədqiqatçıları” layihəsindən bəhs edən videoçarx izlənilib. Sonra layihə iştirakçıları həyata keçirdikləri tədqiqat işləri barədə məlumat verib, təcrübələr aparıblar. Layihələr böyük maraqla qarşılanıb.
Sonda layihə iştirakçılarına və onların elmi rəhbərlərinə diplomlar təqdim olunub.