ELM VƏ TƏHSİL
“Salam, Rusiya!”. Azərbaycanı təmsil edən tələbə və şagirdlər maarifləndirici tanışlıq gəzintisinə yollanıblar
Bakı, 8 avqust (AZƏRTAC). Azərbaycanı təmsil edən 45 tələbə və şagird - Rusiya tarixi və mədəniyyəti barədə biliklərə dair olimpiadaların və yaradıcılıq müsabiqələrinin, Mədəniyyət ilinə həsr olunmuş rus dili və ədəbiyyatı üzrə respublika olimpiadasının qalibləri, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi nəzdində “Sozvezdiye” yaradıcı gənclər klubunun üzvləri Rusiyaya maarifləndirici tanışlıq gəzintisinə yola düşüblər.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, uşaqları dörd təcrübəli müəllim - Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina, RİMM-in metodisti Olesya Alyonina, Naxçıvan şəhərindəki 3 nömrəli ümumtəhsil məktəbinin direktoru Ülkər Möhsümova və Şirvan şəhərinin təhsil şöbəsinin nümayəndəsi Elçin Həsənov müşayiət edirlər.
Tələbə və şagirdlər Moskva, Vladimir, Suzdal və Sergiyev Pasat şəhərlərində olacaq, tarix və mədəniyyət abidələri tanış olacaqlar. Onları Rusiya və MDB ölkələrindən olan yaşıdları ilə yeni maraqlı tanışlıqlar gözləyir.
Rusiya Xarici İşlər Nazirliyi və “Rossotrudniçestvo” agentliyinin həyata keçirdiyi səfər ənənəvi “Salam, Rusiya!” layihəsi çərçivəsində təşkil edilib.